Bu il Azərbaycanda 1500 müəllim and içəcək

Posted by

Bu il Azərbaycanda 1500 müəllim and içəcəkBu il Azərbaycanda 1500 müəllim and içəcək

Bu il Azərbaycanda 1500 müəllim and içəcək

Bu il Azərbaycanda işə qəbul olunan 1500 müəllim fəaliyyətə başlamadan öncə and içəcək.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanda 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə 1700-ə yaxın müəllim işə qəbul olunubsa, onların hamısı and içməyəcək: “Andiçmə bu ildən ilk dəfə müəllim işləyəcək şəxslərə şamil olunacaq. Belə müəllimlərin sayı təxminən 1500 nəfərdir. Belə ki, bu il ilk dəfə olaraq müəllim kimi fəaliyyətə başlayacaq 1500 müəllim üçün andiçmə keçiriləcək. Bu il imtahan verib, müəllimlik peşəsinə yiyələnən pedaqoqlar ilk and içən müəllimlər olacaq”.

 

Andiçmənin nə vaxt keçiriləcəyinə gəlincə, F.Qədirov bildirib ki, bu proses bütün məktəblərdə eyni gündə olmaya bilər. Onun sözlərinə görə, məktəblər özləri bu tarixi müəyyənləşdirəcək və andiçmə həyata keçiriləcək.

 

Qeyd edək ki, “Müəllimlərin etik davranış qaydaları”na əsasən and Azərbaycan ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

 

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

 

Apa.az