Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Posted by

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru xanım Elizabet Hounun Azərbaycana səfəri başa çatmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilərək akkreditasiyadan keçmiş, dünya prokurorlarının ilk və yeganə dünya təşkilatı olan, əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorlar arasında daha sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında vasitəçilik etmək olan 140-dan çox təşkilatın, 2000-dən çox prokurorluq əməkdaşının isə fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə ölkəmiz arasında əməkdaşlıq uğurla davam etdirilir.

Azərbaycan Respublikası təşkilat yarandığı gündən onunla işgüzar münasibətlər yaratmış, Baş Prokurorluq və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1998-ci ildə Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmişlər. Azərbaycan Respublikasının ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru Fikrət Məmmədov uzun illər Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsində ölkəmizi layiqincə təmsil etmişdir. 2002-ci ilin mayında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasının Bakı şəhərində keçirilməsi, həmçinin 2011-ci ildə Assosiasiyanın prezidenti, İrlandiya Respublikasının həmin dövrdəki baş prokuroru Ceyms Hamiltonun Azərbaycan Respublikasına işgüzar səfəri qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Ötən illər ərzində Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdən olan üzvlərinin sayı 200-ü keçərək fərdi üzvlərin sayına görə Azərbaycan Respublikası digər ölkələr ilə müqayisədə birinci yeri tutur.

Yanvarın 21-dən 24-dək ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru xanım Elizabet Hou Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.

Qonaq Şəhidlər xiyabanını da ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.

Səfər çərçivəsində xanım Elizabet Hou Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq qonaqda xoş təəssürat yaratmışdır.

Xanım Elizabet Hou daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gələrək Baş prokuror Zakir Qaralov ilə görüşmüşdür.

Görüşdə qonağa son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, həmçinin ölkəmizin “Transparency International” təşkilatının illik hesabatına əsasən əhəmiyyətli irəliləməsi, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qəbul etdiyi hesabata əsasən 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk dövlət olması barədə ətraflı məlumat verilmişdir.

Görüşdə ölkəmizdə uğurla reallaşan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən konkret tədbirlər, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti diqqətə çatdırılmışdır.

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Elizabet Hou təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin, habelə Assosiasiya ilə birgə regional tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Səfər zamanı xanım Elizabet Hou, həmçinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasına gələrək beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə tanış olmuşdur.

Daha sonra xanım Elizabet Hou Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan idarə rəisi Kamran Əliyev, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının gənc üzvləri ilə görüşmüşdür.

Görüşdə qonaq tərəfindən Böyük Britaniya Krallığı Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə məlumat verilmiş, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Səfər proqramı çərçivəsində xanım Elizabet Hou Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin fəxri üzvü, qurumun senatoru, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Görüşdə qonağa məhkəmə və ədliyyə sistemində aparılan islahatlar, infrastrukturun müasirləşdirilməsi, hakimlərin mütərəqqi və şəffaf üsullarla müsabiqə əsasında işə qəbulu, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işlər, penitensiar sistemdə və digər sahələrdə Azərbaycanın artıq dünyada geniş yayılan nümunəvi təcrübəsi barədə ətraflı məlumat verilmişdir.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə tanışlıq çərçivəsində xanım Elizabet Hou Bakı şəhərinin Yasamal və Oğuz rayon məhkəmələrinin yeni inzibati binaları, Şəki Penitensiar Kompleksi, Şəki Regional Ədliyyə Şöbəsi, habelə Şəki şəhərində inşa edilən və özündə dörd məhkəməni birləşdirəcək Şəki Məhkəmə Kompleksi ilə tanış olmuş, həmçinin Qəbələ Rayon Məhkəməsinin təməlqoyma mərasimində iştirak etmişdir.

Bundan əlavə, xanım Elizabet Hou Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşərkən qonağa ölkəmizdə həyata keçirilməkdə olan məhkəmə sistemindəki islahatlar barədə ətraflı məlumat verilməklə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Xanım Hou hüquq mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işləri və yaradılmış şəraiti yüksək qiymətləndirərək ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan tədbirlərdən məmnunluğunu ifadə etmişdir.

Səfərin sonunda qonaq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olmuşdur. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilmiş, belə bir qurumun digər ölkələr üçün nümunə olması bildirilmişdir.

 

Trend.az