Berlində tanınmış ABŞ fotojurnalistinin azərbaycanlı köçkünlərə həsr olunmuş sərgisi açılıb

Posted by

Berlində tanınmış ABŞ fotojurnalistinin azərbaycanlı köçkünlərə həsr olunmuş sərgisi açılıbBerlində tanınmış ABŞ fotojurnalistinin azərbaycanlı köçkünlərə həsr olunmuş sərgisi açılıb

Berlində tanınmış ABŞ fotojurnalistinin azərbaycanlı köçkünlərə həsr olunmuş sərgisi açılıb

Berlində tanınmış ABŞ fotojurnalisti Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr olunmuş “Yerinə yetirilməmiş arzular: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlı sərgisinin açılışı olub.

 

Sərgi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı ofisi tərəfindən təşkil olunub.

 

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

 

Cəmiyyətin bununla bağlı yaydığı məlumatda bildirilib ki, iyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və yeddi ətraf rayondan qovulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycandakı düşərgələrdə məskunlaşıblar. Bu insanlar üçün hər bir gün mübarizədir, onlar öz ata-baba yurdlarına qayıtmaq arzusundadırlar. BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnaməyə və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılmasına baxmayaraq, Avropa mediası azərbaycanlı didərginlərin durumuna laqeyd yanaşır. Lakin, “National Geographic”, “Magazine”, “New York Times”, “Time” və “Newsweek” kimi nəşrlərlə əməkdaşlıq etmiş Ed Kaşi, bu dəfə öz obyektivini qaçqın və məcburi köçkünlərə tərəf çevirib. Bu fotoşəkillər onların üzləşdiyi çətinlikləri əks etdirir, lakin eyni zamanda insan ruhunun möhkəmliyini və ümidlərin qırılmadığını göstərir.

 

Ed Kaşin deyib ki, dünyada ən böyük məcburi köçkün ordusu Azərbaycanın payına düşür: “20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkən bu insanları taleyin ümidinə buraxmaq olmaz. Öz peşə fəaliyyətim vasitəsi ilə, mən bu insanların dərdinə şərik çıxmış oluram. Belə ki, bu gün öz əsərlərimi Berlində təqdim etməkdən qürur duyuram.”

 

Avropa Azərbaycan Cəmiyyətinin Almaniyadakı direktoru Şahin Namati-Nassab isə bunları deyib: “Erməni silahlı qüvvələri tərəfindən zorakılıqla torpaqlarından çıxarılmış 1 milyona yaxın qaçqın və məcburi köçkünün taleyi unudulmamalıdır. Lakin, bəzən müharibə, qaçqın və məcburi köçkün axını kimi məsələləri uzaqdan dərk etmək o qədər də asan deyil. İnsan faciəsini çox zaman incəsənət vasitəsi ilə dərk etmək daha asan olur. Buna görə də biz Ed Kaşinin fotosərgisini dəstəkləməkdən məmnunuq. Biz xüsusilə şadıq ki, sərginin açılışına belə böyük maraq var, burada 400-dən artıq qonaq iştirak edir”.

 

Qeyd olunub ki, 2013-cü ilin iyun ayında Ed Kaşi üz layihəsi ilə əlaqədar Azərbaycanda səfərdə olub. Bunun nəticəsində Londonda fotosərgi açılıb. Daha sonra həmin sərgi estafeti Parisə, indi isə Berlinə verib. Bu layihə Ed Kaşi və TEAS tərəfindən birgə təsis olunmuş “VII Foto” Agentliyi tərəfindən dəstək alıb. Həmin agentliyin məqsədi mədəniyyət, siyasət və iqtisadiyyat sahəsində Avropa – Azərbaycan münasibətlərini Avropa istiqamətində inkişaf etdirməkdir.

 

Apa/az