Bakıda məşhur rusiyalı rəssamın çini kuklalar sərgisi

Posted by

Bakıda məşhur rusiyalı rəssamın çini kuklalar sərgisiBakıda məşhur rusiyalı rəssamın çini kuklalar sərgisi

Bakıda məşhur rusiyalı rəssamın çini kuklalar sərgisi

Regionun yeganə profilli “Kukla” art qalereyası tamaşaçıları müəllif kuklası mövzusunda silsilə layihələrlə tanış etməkdə davam edir.

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 5-də saat 19:00-da Muzey Mərkəzinin akt zalında (Neftçilər prospekti, 123a, Muzey Mərkəzi, 2-ci mərtəbə) məşhur rusiyalı rəssam, “Aleksandra” şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini kuklalar sərgisinin açılış mərasimi keçiriləcək.

 

Sərgi “Kukla” art qalereyası, Muzey Mərkəzi və “Aleksandra” şirkətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

 

A.Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvüdür. Bir çox mükafatların, eləcə də “Meqa ulduz” IV beynəlxalq kukla salonu (Rusiya), “Qrasiya və harmoniya” (Rusiya), “Doll of excellence” (ABŞ), “Most attractive exhibit” (ABŞ) və digər mükafatların laureatıdır. Əsərləri Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi ekspozisiyasında sərgilənir.

 

Onun zərif çini işlərində biskvit kimi çox mürəkkəb texnika istifadə olunur və müəllifin əl bəzək işləmələri ilə tamamlanır. Müəllif əl işlərində təbii ipək geyimlər, məşhur parçalar, vintajlı faktura, tikmə, applikasiya, parçanın əl işləmələri ilə bəzədilməsi, muncuqla dekordan geniş istifadə edir. Bütün bunlar xüsusi zərgərlik məmulatları ilə bəzədilir.

 

“Aleksandra” şirkəti yüzdən çox rəssam, heykəltəraş, dizayner, dərzi, krujeva toxuyan və s. ustaların fəaliyyət göstərdiyi müəssisədir. Bədii obrazın formalaşması prosesi altı aydan bir ilə qədər zamanı əhatə edir. Şirkətin fəaliyyəti təkcə müəllif kuklası ilə məhdudlaşmır. Karl Feberjenin ənənələrini davam etdirməklə yanaşı, biskvit texnikasında yüksək keyfiyyətli çinidən kolleksiyalı miniatürlər yaradılır, əl bəzək işləmələri vurulur, ayrı-ayrı elementlər isə eksklüziv olaraq sifariş edilir. Çini miniatürlər uşaq və böyüklər üçün zərif üslublu hədiyyədir.

 

A.Kukinova kukla sənəti üzrə bütün böyük peşəkar yarmarka və sərgilərdə iştirak edir, onun əsərləri isə dünyanın ən məşhur kukla muzeylərinin kataloqlarına daxil edilir.

 

Müəllifin Bakıdakı sərgisində tamaşaçılara 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürlər təqdim olunacaq. Sərgi 6-8 noyabr 2014-cü il tarixində nümayiş üçün açıq olacaq.

 

Trend.az