Bakıda keçirilən QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında bir sıra sənədlər qəbul olunub
Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclasında bir sıra sənədlər qəbul olunub.
“APA-Economics”in xəbərinə görə, iclasın yekununda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər qəbul edilib.
Fəaliyyət Planında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunu reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb. Sözügedən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb.
Qeyd edək ki, tədbir Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan olan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.
Apa.az