Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir

Posted by

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilirBakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir

Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir

BMT baş katibinin köməkçisi Maqdi Martinez-Soliman Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının gənclər siyasətinin hazırlanması ilə bağlı ölkələrə müraciət olunduğunu dedi. O vurğuladı ki, dünya ölkələrinin dövlət büdcələrində və BMT-nin büdcəsində gənclər siyasətinin maliyyələşdirilməsi məsələsi əks olunmalıdır. Maqdi Martinez-Soliman bu sahədə Azərbaycandakı vəziyyətdən danışdı. O dedi: “Azərbaycan fəal şəkildə gənclər siyasəti proqramlarına qoşulur. Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, iş yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir. Azərbaycan təbii resurslarından əldə etdiyi gəlirləri insan kapitalının inkişafına yönəldir”.

UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktorunun köməkçisi Lalla Aişa Ben Barka Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. O, bu sahədə UNESCO-nun təcrübəsindən danışdı, gənclərə bacarıqlarının artırılması üçün şəraitin yaradılmasının zəruriliyini vurğuladı.

Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç ilk dəfə keçirilən Forumun önəmini qeyd edərək Azərbaycan hökumətinə təşəkkür etdi. O dedi ki, gənclər siyasəti idarəçiliyin əsasında durur. Bu siyasətə dəstək olmağın, onu maliyyələşdirməyin zəruriliyini qeyd edən Avropa Şurasının rəsmisi Avropa İttifaqında gənclər siyasətinin həyata keçirilməsindən bəhs etdi.

Qlobal gənclər səfirləri Bəşər Hobbi və Greyt Rios dünya gəncləri üçün xüsusi əhəmiyyəti olan Gənclər siyasəti üzrə 1-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı, tədbirdə müasir dünyanı düşündürən məsələlərin müzakirə olunacağını bildirdilər.

Qlobal Forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edir. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən Forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.

Forumda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin hazırlanması gözlənilir.

 

AzərTac.az