Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Posted by

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

 

 

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

 

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkəsinin inkişaf tarixi barədə məlumat verib.

 

Səfir deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır.

 

Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin son illər genişləndiyini qeyd edib. Səfir əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırıb.

 

Ş.Mustafayev deyib ki, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyanın fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.

 

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

AzərTac.az