Bakıda “Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda Beynəlxalq Forum keçirilib

Posted by

Bakıda “Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda Beynəlxalq Forum keçirilibBakıda “Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda Beynəlxalq Forum keçirilib

Bakıda “Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda Beynəlxalq Forum keçirilib

Bu gün “Azərbaycanda biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda II Beynəlxalq Forum keçirilib.

 

“APA-Economics”in məlumatına görə, tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

Proqram çərçivəsində keçirilən tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ), Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, eləcə də 2009-2014-cü illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 80-dən çox sahibkar və menecer iştirak edib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımov sahibkarlığın inkişafının Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə müxtəlif dövlət dəstəyi tədbirləri ilə yanaşı, sahibkarların maarifləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artıb, ölkəmizdə güclü sahibkarlar təbəqəsi formalaşıb: “Bu gün azərbaycanlı sahibkarların xarici tərəfdaşlarla işgüzar əlaqələrinin genişlənməsində 2009-cu ildən başlayaraq Azərbaycan və Almaniya arasında həyata keçirilən “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” da xüsusi önəm kəsb edir. Bu proqram çərçivəsində sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçməklə, beynəlxalq təcrübəyə yiyələnir və işgüzar əlaqələr yaradırlar”.

 

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə ətraflı məlumat verib, proqramın bu əlaqələrin inkişafında rolunu xüsusi vurğulayıb.

 

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults və digərləri çıxışlarında bu proqram və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Onlar qeyd ediblər ki, proqramın icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 220 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərdəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılmış və biznes müqavilələri imzalanıb.

 

Tədbir çərçivəsində 3 panel iclas keçirilib. Azərbaycan-Almaniya iqtisadi kooperasiyası və xarici şirkətlərin Almaniya bazarına çıxış imkanlarına həsr olunmuş panel iclasda Azərbaycan-Almaniya iqtisadi kooperasiya əlaqələrinin inkişafında həyata keçirilən Proqramın rolu barədə müzakirələr aparılıb, Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində ixtisasartırma kursu keçmiş sahibkar və gənc menecerlərin təqdimatı keçirilib.

 

Digər panel iclaslarda isə Almaniyada ixtisasartırma kursu keçmiş sahibkar və gənc menecerlər üçün “Regional marketinq və brendin inkişafı”, “Avropa və alman logistikası–istehsalın yerləşdirilməsi şərtləri, tendensiyalar” mövzularında treninqlər keçirilib. GİZ-in ekspertləri Tobias Ramstötter, Yasen Butaşkov və Elçin Usub tərəfindən keçirilmiş təlimlərdə brendləşmə, regionlarda kiçik və orta müəssisələr üçün kollektiv brendləşmə imkanları, logistika sahəsində beynəlxalq təcrübə, alman logistikasının xüsusiyyətləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, onları maraqlandıran suallar cavablandırılıb.

 

Forumda Almaniyada ixtisasartırma kursu keçmiş sahibkar və menecerlər çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 2015-ci ilin mart-aprel aylarında “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə bu ilin oktyabrın 28-30-da namizədlərin seçilməsi üzrə müsabiqə keçirilib. 3 gün davam edən müsabiqədə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 53 sahibkar və gənc menecer iştirak edib. Müsabiqənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Apa.az