Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir

Posted by

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir

Aprelin 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahələrində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki ölkə arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyini demişdir. Bildirilmişdir ki, bütün bunlar hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir.

Qeyd edilmişdir ki, hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət , tikinti, rabitə və s. sahələrdə 13 Çex kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çex Respublikası tərəfindən Azərbaycana əsas kapitala 1 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır.

Azərbaycanın Çex Respublikası ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Niyazi Səfərov bu baxımdan biznes forum və sərgilərin əhəmiyyətli olduğunu qeyd etmişdir.

Çex Respublikası sənaye və ticarət nazirinin müavini İrji Qavliçek iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Çexiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.

AZPROMO-nin rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Çex Respublikasının Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatla çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 

AzərTac.az