Bakı yol polisi gəncləri yol hərəkəti qaydaları ilə bağlı təbliğat işlərində fəal olmağa çağırır
Bu gün Bakıxanov qəsəbəsində Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Dövlət Sosial-İqtisad Kollecinin təşəbbüsü ilə həmin təhsil müəssisəsinin müəllim və tələbə kollektivi ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu görüşlərin keçirilməsində məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Kollecin direktoru İlham Vəliyev belə bir tədbirin təşkilində verdiyi dəstəyə görə BŞDYPİ-yə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov yol-nəqliyyat hadisələri, onların təhlili, əldə edilən nəticələr, hadisələrin baş vermə səbəbləri, xüsusilə, son zamanlar gənclərin paytaxt yollarında, o cümlədən “toy karvanları”nda yol hərəkəti qaydalarını kobud şəkildə pozması, onların acı nəticələri, eləcə də maddi və insan itkisi ilə bağlı yol-nəqliyyat hadisələrinin çoxalması barədə məlumat verib. O, yol hərəkəti qaydalarının tələblərinin yerinə yetirilməsində nizam-intizama dəvət edilməsi məqsədilə gəncləri DYP ilə birgə bu istiqamətdə keçiriləcək tədbirlərdə, təbliğat işinin gücləndirilməsində yaxından iştirak etməyə dəvət edib.
Tədbirdə iştirak edən “Jurnalistika və İnkişaf Mərkəzi” İB-nin sədri Elməddin Muradlı, “Digesta” Hüquq Firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov, BŞDYPİ-nin baş inspektoru, polkovnik-leytenant Rasim Abdullayev tələbə və müəllimlərlə yol hərəkəti ilə bağlı qanunvericiliyin tələbləri barədə fikirlərini bölüşüblər.
Görüşdə xüsusilə gənclər tərəfindən böyük maraq göstərilən və Rusiya istehsalı olan “VAZ-2106” və “VAZ -2107” markalı avtomobillərdə konstruksiya dəyişikliyi, səs siqnalları, ictimai nəqliyyatdakı nöqsanlar, paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə pik saatlarında nəqliyyatın sıxlığının aradan qaldırılması, piyadaların məsuliyyətə cəlb edilməsi və əldə edilən nəticələrlə bağlı çoxsaylı suallara cavab verilib, fikir mübadiləsi aparılıb.