Baş nazirin müavini: “Azərbaycana vurduğu 300 milyard dollarlıq ziyan Ermənistandan kompensasiya kimi tələb ediləcək”

Posted by

Baş nazirin müavini: “Azərbaycana vurduğu 300 milyard dollarlıq ziyan Ermənistandan kompensasiya kimi tələb ediləcək”

Baş nazirin müavini: “Azərbaycana vurduğu 300 milyard dollarlıq ziyan Ermənistandan kompensasiya kimi tələb ediləcək”

Baş nazirin müavini: “Azərbaycana vurduğu 300 milyard dollarlıq ziyan Ermənistandan kompensasiya kimi tələb ediləcək”

“ABŞ və Fransa rəsmilərinə də demişəm ki, ermənilər sabah deyəcəklər ki, Amerika da, Fransa da tarixi torpaqlarımızdır”

 

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib.

 

APA-nın verdiyi məlumata görə, tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ombudsman Elmira Süleymanova, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin baş direktoru Nikolay Trifonov, Almaniya Sosial Demokrat Partiyasının üzvü, deputat Ulf Peter Brambrink, Almaniya Bundestaqının üzvü Volkan Baran, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və digərləri iştirak ediblər.

 

Konfransda öncə erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən film nümayiş etdirilib. Moldova Qiymətləndiricilər Birlikləri Assosiasiyası Dmitriy Tereburke deyib ki, beynəlxalq qiymətləndirmə standartlarına əsasən beynəlxalq ekspertlərin iştirakı ilə işğal nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması istiqamətində aparılan işlərdən xəbərdardır və bunu təqdir edir.

 

Almaniya Bundestaqının üzvü Volkan Baran Almaniya qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını söyləyib. 22 il əvvəl Almaniyada yaşayan türklərin Xocalı soyqırımı ilə bağlı yetərli qədər məlumatlı olmadığını vurğulayan V.Baran hazırda bu istiqamətdə davamlı iş apardıqlarını nəzərə çatdırıb.

 

Baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Xocalı faciəsi erməni şovinistlərinin son 200 il ərzində Azərbaycan türklərinə qarşı apardığı mübarizənin, soyqırımının nəticəsidir. Çar Rusiyası və SSRİ dövründə də ermənilərə Azərbaycan torpaqlarına qarşı iddialarını həyata keçirməkdə yardım edilib, dəstək verilib. Onun sözlərinə görə, erməni diasporu başqalarının torpaqlarına iddia etmək siyasəti üzərində fəaliyyət göstərir: “1988-ci ildən sonrakı dövrdə də təəssüf ki, bəzi ölkələrin himayədarlığı ilə torpaqlarımız işğal olunub”.

 

Ə.Həsənov deyib ki, hazırda dünyanın 3 ölkəsində Xocalı soyqırımı ilə bağlı abidə qoyulub, dünyanın bir neçə ölkəsində, o cümlədən ABŞ-ın 4 ştatında soyqırım tanınıb. O, 100 il əvvəl azərbaycanlılara, türklərə qarşı törədilmiş vəhşiliklərin sonrakı dövrdə də davam etdirildiyini vurğulayıb: “Qubada kütləvi məzarlıq aşkarlanıb, faktlar göz önündədir. Baş kəsmə, dəri soyma, qadınların bətnindən hamilə uşaqları çıxarma halları 100 il əvvəl olduğu kimi, sonradan Xocalıda və digər yaşayış məntəqələrində törədilib”.

 

Ə.Həsənov Tarix Akademiyası yaradılmasını təklif edib: “AMEA Tarix İnstitutunda bu məsələlər öyrənilir. Ancaq məncə, bu, yetərli deyil. Tarix Akademiyası yaradılmalı, ermənilərin Azərbaycan türklərinə, bütün türklərinə qarşı əməlləri araşdırılmalıdır. Ermənilərin Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə qarşı ərazi iddiaları var. Qaraçı şəklində dünyaya səpələnmiş bu kiçik millət nə istəyir? Mən amerikalı, fransalı rəsmilərlə də söhbətlərimdə deyirəm ki, ermənilərin qarşısı alınmasa, sabah deyəcəklər ki, ABŞ da, Fransa da tarixi torpaqlarımızdır. Dünya nə zamana qədər susacaq? ATƏT-in Minsk Qrupuna münaqişənin səylərinə görə təşəkkür edirik. Ancaq bu, nə dərəcədə səmimi səylərdir? 20 il göstərdi ki, bu, daha çox siyasi oyundur, səmimi deyillər. İnsanlarımızın başına bu qədər faciə gətirirlərsə, niyə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Ermənistan cinayətkar rəhbərliyini BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etmirlər? Azərbaycanın tolerant bir dövlət olduğu dünyaya sübut edilib. Ermənistan nə edib? Hesab etməsinlər ki, Azərbaycan xalqının, dövlətinin səbri tükənməzdir. Xeyr! Biz xalqımızı, gənclərimizi torpaqlarımızı azad etmək istiqamətində ruhlandırmalıyıq”.

 

Ə.Həsənov Azərbaycan ordusunun qüdrətli olduğunu, nəinki işğal edilmiş torpaqlarımızı, 100 il əvvəl zəbt edilmiş Zəngəzur və Göyçəni də azad etməyə qadir olduğunu bəyan edib. O nəzərə çatdırıb ki, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının ekspertlərinin iştirakı ilə aparılan ilkin hesablamalar nəticəsində Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyan 300 milyard dollardan çoxdur: “Bu, indiyə qədər aparılan hesablamaların nəticəsidir. Bu ziyan sonra Ermənistandan təzminat kimi tələb olunacaq. Bu vəsaiti necə ödəyəcəklər?”

 

Dövlət Komitəsinin sədri son 10 ildə 1,5 milyon insanın Ermənistanı tərk etdiyini xatırladıb: “Belə getsə, bir müddət sonra Ermənistanda adam qalmayacaq. Sərkisyan- Köçəryan rejimi özünü erməni diasporuna qəhrəman kimi təqdim edir. Guya ermənilərin 200 illik arzusunu həyata keçirdilər, ancaq biz bilirik ki, onlar kimin sayəsində Azərbaycan torpaqlarının işğalına nail olublar. Biz müharibə istəyən ölkə, xalq deyilik, bizi vadar edirlər. Torpaqlarımızı işğal ediblər, beynəlxalq ictimaiyyət də buna göz yumur. Bunun sonu olacaq, nahaq tökülən qanlar yerdə qalmaz. Biz bunu qisas mənasında demirik, ancaq ədalətsizlik davam edəcəksə, buna dözməliyikmi? Azərbaycan inkişaf edir, Ermənistan dövləti və xalqı düşünsün, hələ ziyan çəkən onlardır. Biz mənəvi ziyan çəkmişik, zaman gələcək, aradan qalxacaq. Hazırda mənəvi və maddi ziyan çəkən isə onlardır”.

 

Tədbir çıxışlarla davam edib.

 

Apa.az