Azərbaycanın və İsrailin vətəndaş cəmiyyəti institutları arasında əlaqələr müzakirə edilmişdir

Posted by

Azərbaycanın və İsrailin vətəndaş cəmiyyəti institutları arasında əlaqələr müzakirə edilmişdir

AzərTac xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev İsrailin ölkəmizdəki səfiri Rəfael Harpazla görüşmüşdür.

R.Harpaz ötən ilin dekabrında Şuranın dəstəyi ilə Brüsseldə, Avropa Parlamentində keçirilmiş “Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti” layihəsinə həsr olunmuş konfrans haqqında fikirlərini bölüşmüşdür.

Diplomat Şuranın xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı strategiyasının əhəmiyyətini vurğulamışdır. O, Azərbaycanın enerji siyasətinin, ölkəmizdəki tolerantlıq mühitinin və beynəlxalq sülhyaratma missiyalarında iştirakının bütün dünyada yüksək səviyyədə qarşılandığını diqqətə çatdırmışdır.

A.Quliyev Şuranın xarici QHT-lərin layihələrinin dəstəklənməsi işinə böyük önəm verdiyini və Avropa Parlamentində keçirilmiş konfransın Azərbaycanda müxtəlif millətlərin bərabərhüquqluluq şəraitində yaşayışının beynəlxalq miqyasda təsdiqi olduğunu vurğulamışdır. Şura sədri Azərbaycanın və İsrailin vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafında təcrübə mübadiləsi aparılmasının önəmini qeyd etmişdir.

Görüşdə hər iki ölkənin QHT sektorları arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.