Azərbaycanın təhsil naziri Fransada bir sıra görüşlər keçirib
Parisdə səfərdə olan Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov noyabrın 12-də Fransanın Milli təhsil, ali təhsil və tədqiqatlar naziri xanım Najat Vallo- Belkasem ilə görüşüb. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. M.Cabbarov bildirib, hazırda Fransa-Azərbaycan əlaqələri, o cümlədən iki ölkənin təhsil qurumları arasında münasibətlər səmərəli şəkildə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Parisə, Fransa Prezidenti Fransua Ollandın Bakıya səfərlərini xatırladan M. Cabbarov qeyd edib ki, onun bu səfəri də məhz dövlətlərimizin başçılarının tövsiyələrinə uyğun olaraq həyata keçirilib. Məqsəd təhsil sahəsindəki əməkdaşlığımızın inkişafına töhfələr verməkdir. Najat Vallo- Belkasem təhsil sahəsindəki münasibətlərin sürətli inkişafından məmnunluğunu ifadə edib və bu əməkdaşlığın artıq konkret nəticələrinin olduğunu bildirib. Bu məsələdə dövlətlərimizin başçılarının səfərlərinin də müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Fransalı nazir bir müddət əvvəl Azərbaycana səfərini xatırladıb və deyib ki, təhsil istiqamətində əməkdaşlığımızı davam etdirmək istəyirik. Arzu edirik ki, bizim hər iki tərəfdən olan tələbələrimiz üçün yaxşı şərait yaradaq. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyini bildirib və ali təhsil sahəsində əlaqələrin səviyyəsini daha da yüksəltmək istədiyini qeyd edib. Sonda görüşün nəticələrinə dair protokol imzalanıb. Elə həmin gün M.Cabbarov Azərbaycan Mədəniyyət Mərkəzində Parisdə və onun ətrafındakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə nazir deyib ki, hər bir azərbaycanlı tələbə oxuduğu ali məktəbdə təmsil etdiyi ölkəni tanıtmalı, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmalıdır. M.Cabbarov xaricdə təhsil alan gənclərin qazandıqları uğurların Azərbaycanın uğurları kimi qiymətləndirildiyini, eyni zamanda, bu uğurların dövlətimizin və millətimizin imicinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən Dövlət proqramı barədə məlumat verən nazir, bu sahədə qarşıda duran vəzifələrdən də danışıb. Görüşdə iştirak edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tələbələri müstəqil dövlətimiz ətrafında daha sıx birləşməyə, ölkəmizlə bağlı həqiqətləri təhsil aldıqları ali məktəblərdə geniş təbliğ etməyə, təhsil göstəriciləri ilə Vətənimizin adını uca tutmağa çağırıb. Sonda Mikayıl Cabbarov tələbələrin qayğıları ilə maraqlanıb, onların suallarını cavablandırıb.
AzərTac.az