“Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır”

Posted by

"Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır"“Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır”

"Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır"

“Azərbaycanın su ehtiyatları məhduddur. Qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Amma bu, qorxu, vahimə yaratmamalıdır. Azərbaycanın su ehtiyatları kifayətdir. Amma onun istifadə olunmasında düzgün siyasətin aparılmasına ehtiyac var”. Trend xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

Onun fikrincə, Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır. Bunun üzərində alimlər tərəfindən ciddi iş aparılmalıdır.

 

R.Məmmədov qeyd edib ki, Qafqaz regionu elə bölgədir ki, insanın həyat və fəaliyyəti suyun istifadəsindən, bölünməsi və mühafizəsindən asılıdır. Qafqazın ən böyük çayı Araz qolu ilə birlikdə Kür çayıdır. Bu çayların ümumi resursu 26 kubkilometrdir. Onun da 23 kubkilometri insan resursları tərəfindən istifadə olunur. Kür və Araz çaylarının mənbələri Türkiyədə yerləşir. Kür çayı hövzəsinin 52 faizindən çoxu Azərbaycan, qalan hissəsi qonşu dövlətlərin ərazisindən keçir: “Son illər Kür çayında suyun azalması müşahidə olunur. Bu tendensiya narahatlıq doğurur”.

 

Ermənistanın su ehtiyatlarından danışan institut direktoru bildirib ki, bu ehtiyatlar çox böyük deyil: “Ermənistanın səthi su ehtiyatları 7,7 kub km-dir. Onun da təxminən 1,2 kub km-i tranzit sulardır. Yeraltı suların ehtiyatı 4 kub km-dir. Bulaq suları 1,6 kub km-dir. Ümumi həcmi 1 kub km olan 74 su anbarı mövcuddur”.

 

Onun sözlərinə görə, Qafqaz regionunda ən bol sulu ölkə Gürcüstandır: “Gürcüstanın su ehtiyatları zəngindir. Bu ölkədə 26 minə qədər çay var. Onların ümumi həcmi 65,3 kub km-dir. Bunun 56,6 kub km-i Gürcüstan ərazisində formalaşır. 9,3 kub km-i isə tranzit kimi ölkə ərazisindən keçir. Burada 860 göl və su anbarları var. Elektrik enerjisinin istehsalı üçün 43 anbar tikilib. Yeraltı suların ehtiyatları 10 kub km-dən çoxdur”.

 

Trend.az