Azərbaycanın energetika naziri: “Bu gün TANAP-ın gücünün artırılması barədə danışmaq ciddi sayılmaz”

Posted by

Azərbaycanın energetika naziri: “Bu gün TANAP-ın gücünün artırılması barədə danışmaq ciddi sayılmaz”“Bunun üçün resurs, qaz lazımdır”

Azərbaycanın energetika naziri: “Bu gün TANAP-ın gücünün artırılması barədə danışmaq ciddi sayılmaz”

Azərbaycanın energetika naziri Natiq Əliyev “Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar Avropa İttifaqının (Aİ) Trans-Anadolu (TANAP) qaz kəmərinin gücünün iki dəfəyə qədər artırılmasını təklif etməsi haqda məlumatlara münasibət bildirib.

 

“APA-Economics”in məlumatına görə, N.Əliyev bildirib ki, TANAP layihəsi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihədir: “TANAP layihəsi hazırlanan zaman onun ötürmə qabiliyyəti, büdcəsi, kapital qoyuluşu və başqa məsələlər müzakirə edilib və nəzərə alınıb”.

 

Nazir xatırladıb ki, bu layihə “Şahdəniz” yatağının ikinci mərhələsində hasil olunan təbii qazın Avropaya çatdırılmasını özündə əks etdirir: “Siz indi deyirsiniz ki, hansısa jurnal, kimsə nə isə fikir bildirib. Bir fikirlə bunu reallaşdırmaq mümkün deyil. Bu layihə kiminsə fikri ilə həll oluna bilməz”.

 

Nazir deyib ki, TANAP layihələşdirildiyi zaman illik 23-24 mlrd. kubmetr qaz üçün müəyyən edilib: “Hazırda TANAP layihəsi “Şahdəniz” yatağının ikinci mərhələsi üçün nəzərdə tutulub. Əgər 2021-ci ildə “Abşeron” yatağı istifadəyə verilərsə və ARDNŞ-ın işlədiyi yataqlarda hasilat artırılarsa, yeni kəşf olunan yataqlar işə salınarsa, o zaman ötürmə gücü artırıla bilər. Gələcəkdə bu kəmərin ötürmə gücünü 35 mlrd. kubmetrə, bəzi hesablamalara görə, 65 mlrd. kubmetrə çatdırmaq mümkündür. Ancaq bu o demək deyil ki, biz bunu etməliyik. Bu məsələ istəkdən əmələ gəlmir. Bunun üçün resurs, qazın həcmi lazımdır. Bu gün bu barədə danışmaq ciddi sayılmaz”.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” layihəsinin dayandırıldığını bu il dekabrın 1-də bəyan edib. Bu qərarı o, Avropa İttifaqının Rusiyaya münasibətdə qeyri-konstruktiv mövqe tutması ilə əlaqələndirib, bu şərtlərlə layihənin icrasının mümkün olmadığını bildirib.

 

“Spiegel” (Almaniya) jurnalı isə yazıb ki, Aİ “Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar TANAP qaz kəmərinin gücünün 20 mlrd. kubmetrə qədər artırılmasını istəyir: “Aİ artıq bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə razılıq əldə edib”.

 

“Kəmərin gücünün artırılması üçün texniki imkanlar var”, – deyə Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı Miloş Şevçoviş bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları arasında kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılmasına dair razılıq əldə olunub.

 

Xatırladaq ki, TANAP%3C/span%3E”>TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan,-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr həcmində qaz nəql ediləcək. Daha sonra kəmərin gücünün 31 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

 

Apa.az