Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək

Posted by

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək

 

 

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək

Noyabrın 28-də Bakıda “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin açılış mərasimi olub.

 

AzərTAc xəbər verir ki, iki ölkə arasında yaşıl sərhəddə təhlükəsizlik məsələlərini əhatə edəcək layihə çərçivəsində əlaqələndirilmiş tədbirlər mexanizminin yaradılması və tətbiqi üçün Azərbaycanın və Gürcüstanın sərhəd orqanlarının birgə fəaliyyəti daha da genişləndiriləcək. Həmçinin Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlıq gücləndiriləcək, quru sərhəddə mühafizə və nəzarət prosedurları təkmilləşdiriləcək, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramları hazırlanacaq və yüksək texnologiyalarla təchiz edilən müasir infrastruktur yaradılacaq.

 

Layihənin rəhbəri Məzahir Əfəndiyev tədbiri açaraq bildirib ki, son illər Azərbaycan Hökuməti ölkənin dayanıqlı inkişafını təmin etmək üçün bütün istiqamətlər, o cümlədən sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi üzrə mühüm addımlar atıb. Bu sahədə daxili resurslardan istifadə etməklə yanaşı, mütəmadi olaraq qabaqcıl beynəlxalq təcrübədən də faydalanmağa çalışan Azərbaycan Hökuməti müxtəlif xarici tərəfdaşlarla birlikdə irimiqyaslı layihələri uğurla icra edib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan və Gürcüstan hökumətləri yaşıl sərhədlərdə İSİ (İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi) Konsepsiyasının tətbiqi üzrə fəaliyyətə başlayıblar. Əməkdaşlığın nəticəsi olaraq, Azərbaycan Hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin həyata keçirilməsinə qərar verib.

 

DSX-nin rəis müavini Fərhad Tağızadə bildirib ki, Azərbaycan Prezidenti sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sərhəd-keçid məntəqələrində nəzarət prosedurunun sadələşdirilməsinə yönəlmiş təşəbbüs və tədbirlərə hərtərəfli dəstək göstərir. Sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. O, layihənin Azərbaycanın və Gürcüstanın müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsinə şərait yaradacağına əminliyini bildirib.

 

Gürcüstan Sərhəd Polisinin rəis müavini, yaşıl sərhədlərin mühafizəsi departamentinin rəhbəri Giorgi Turiaşvili, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı və Gürcüstandakı rezident əlaqələndiriciləri Antonius Bruk və Nilz Devid Skot layihənin iki ölkə arasında sərhəddə texniki təchizatın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəldiyini söyləyiblər. Qeyd olunub ki, pilot layihə çərçivəsində müşahidə, birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Bu layihə nəticəsində beynəlxalq tərəfdaşlarla, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq güclənəcək.

 

Sonra “Qafqazda sərhəd idarəçiliyini təkmilləşdirməklə Avropada təhlükəsizliyin gücləndirilməsi”, “İnteqrə edilmiş sərhəd idarəçiliyi layihələrinin Cənubi Qafqazda tətbiq edilməsində Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin təcrübəsi və dəstəyi” mövzularında təqdimatlar olub.

 

Daha sonra Fərhad Tağızadə və Giorgi Turiaşvili layihəni imzalayıblar.

 

Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Gürcüstanın müvafiq hökumət qurumlarının səlahiyyətli şəxsləri, Avropa İttifaqının Azərbaycandakı və Gürcüstandakı nümayəndəliklərinin, ATƏT-in Bakı ofisinin və bir neçə beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər.

 

AzərTac.az