Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası vacibdir

Posted by

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası vacibdir

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası vacibdir

 

 

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası vacibdir

İtaliyanın Luiss Guido Carli Universitetində Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə “Azərbaycan: qaçqın və məcburi köçkünlərin hüquqları” mövzusunda seminar keçirilib.

 

Ali təhsil müəssisəsində tədris olunan “Beynəlxalq təşkilatlar və insan hüquqları” kursu çərçivəsində təşkil olunan tədbirin məqsədi tələbələrə Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların vəziyyəti barədə məlum vermək olub.

 

Tədbirdə çıxış edən kursun rəhbəri, professor Françesko Çerubini beynəlxalq səviyyədə qaçqınların hüquqlarının müdafiəsi istiqamətində irəli sürülən təşəbbüsləri təhlil edib. O qeyd edib ki, 9 milyon əhalisi olan Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün olması kifayət qədər böyük rəqəmdir. Beynəlxalq birlik onların hüquqlarının təmin olunması istiqamətində səylərini artırmalıdır.

 

AİGA-nın prezidenti Manuella Sessa rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, assosiasiya tərəfindən hər iki ölkənin gənclərinin qarşılıqlı faydalana biləcəyi birgə layihələr reallaşdırılır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin, o cümlədən doğma yurdlarından didərgin düşmüş gənclərin təhsil almaları və işlə təmin olunmaları üçün hər cür şərait yaradılıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov seminarda mühazirə ilə çıxış edərək ölkəmizin coğrafi, siyasi, dini və iqtisadi durumu barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdirilir.

 

Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində təhlil edən V.Sadıqov bildirib ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların uzun illərdir pozulmuş hüquqlarının bərpası çox vacibdir.

 

Səfir, həmçinin Azərbaycanda məcburi köçkünlərin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, ölkəmizdə müvafiq istiqamətdə dövlət proqramları qəbul olunaraq bir sıra layihələr reallaşdırılır. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılmasına baxmayaraq, onlar doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

AzərTac.az