“Azərbaycanda yeni məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir”

Posted by

"Azərbaycanda yeni məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir"“Azərbaycanda yeni məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir”

"Azərbaycanda yeni məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir"

Məhkəmə sisteminin inkişafı üzrə həyata keçirilən tədbirlərin davamı olaraq, 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Quba rayonunda müasir tələblərə uyğun yeni inşa olunmuş rayon məhkəməsinin binasının açılışı olub.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi dərin ehtiramla yad olunub.

 

Bina ilə tanışlıq zamanı bildirilib ki, Quba Rayon Məhkəməsinin ümumi sahəsi 3.300 m2 olan iki mərtəbədən və zirzəmidən ibarət yeni binası il yarım ərzində inşa olunub.

 

Digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, Quba Rayon Məhkəməsinin inzibati binası da müasirliyi və bir çox yenilikləri ilə fərqlənir. Bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunub, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən “Femida” sistemi və digər zəruri infrastruktur quraşdırılıb. Burada, həmçinin konfrans və iclas zalları, kitabxana/təlim, maddi sübutlar otaqları, arxiv, təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

 

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Quba Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb.

 

Mərasimdə çıxış edən ədliyyə naziri ölkə Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafında əldə olunmuş yüksək nailiyyətlərdən, genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, regionlarda 20-dək yeni məhkəmənin yaradılmasını, hakimlərin sayının iki dəfə artırılmasını, onların şəffaflığa görə Avropada örnək kimi dəyərləndirilən seçimini qeyd edib.

 

Diqqətə çatdırılıb ki, Quba Rayon Məhkəməsinin binası Dünya Bankı ilə birgə həyata keçirilən və ən uğurlu hesab olunan layihə çərçivəsində ərsəyə gəlib. Görülən işlərin müsbət nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və bu yaxınlarda bank və Azərbaycan hökuməti arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni daha iri həcmli layihə imzalanaraq onun implementasiyasına başlanılıb. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq, həmçinin Dünya Bankı ilə birgə layihə çərçivəsində Şəkidə, Qəbələdə, Zaqatalada, İmişlidə və Bakının Binəqədi və Sabunçu rayonlarında belə müasir məhkəmə bina və komplekslərinin intensiv inşası aparılır.

 

Nazir Quba Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd edib.

 

Həmçinin, məhkəmədə qabaqcıl İKT-lərin, xüsusilə ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq elektron məhkəmə informasiya sisteminin tətbiqi üçün lazımi şəraitin yaradıldığı bildirilərək, onun məhkəmə fəaliyyətində aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.

 

Qeyd olunub ki, ölkəmizdə məhkəmə islahatları beynəlxalq aləmdə də böyük maraq doğurur, xarici ölkələrin ədliyyə nazirləri, Avropa Şurasının yüksək səviyyəli şəxsləri, o cümlədən Avropa Məhkəməsinin sədri yeni müasir məhkəmə binaları ilə tanışlıq zamanı orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək şəraitdən, o cümlədən vətəndaşların müraciət imkanlarını asanlaşdıran ən müasir İKT-lərin tətbiqindən, eləcə də cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlıqlarını ifadə edirlər.

 

Ali Məhkəmənin sədri R.Rzayev çıxış edərək yeni məhkəmə binasının istifadəyə verilməsinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, işlərə daha keyfiyyətlə baxılmasına, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə geniş imkan verəcəyinə əminliyini vurğulayıb.

 

Həmçinin, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, hakimlərin peşəkarlığının artırılması və mükəmməl tədrisinin, hakim etikasına dönmədən riayət olunmasının vacibliyi diqqətə çatdırılaraq, ötən ay Bakıda Avropa konvensiyasının implementasiyasına dair keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.

 

Dünya Bankının ölkə üzrə meneceri xanım L.Leşçenko isə çıxışında Ədliyyə Nazirliyi ilə birgə fəaliyyətin səmərəliliyini və əldə olunmuş nəticələri yüksək qiymətləndirərək, bankın ekspertlərinin rəyinə görə, inşa olunan məhkəmə binalarının səviyyəsinin hətta Avropa standartlarını üstələdiyini qeyd edib, Azərbaycanın bu sahədə nailiyyətlərinin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulayıb, bu sahədə uzunmüddətli əməkdaşlığa və dəstək verməyə hazır olduğunu bildirib.

 

Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyətinin başçısı və hakimlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Trend.az