Azərbaycanda rabitə xidmətlərinə görə yeni tariflərin tətbiqinə başlanılıb

Posted by

Azərbaycanda rabitə xidmətlərinə görə yeni tariflərin tətbiqinə başlanılıb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə xidmətləri ilə bağlı yeni tariflərin təbiqi haqqında əmr imzalayıb.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, əmrdə müəyyən edilən yeni tariflərin düzgün tətbiq olunmasının, yeni tariflərə dair məlumatların abunə və poçt şöbələrində, danışıq məntəqələrində asılmasının təmin olunması, daha çox abunəçilərin cəlb edilməsi məqsədilə reklam və digər zəruri tədbirlərin həyata keçirilməsi, yeni tariflərin tətbiqi ilə əlaqədar telekommunikasiya (telefon) qovşaqlarında və idarələrində seminar-müşavirələrin keçirilməsi və tariflərin tətbiqinin nəticələrinin təhlil edilməsi aidiyyəti üzrə rabitə birlik və müəssisələrinə və nazirliyin aidiyyəti şöbələrinə həvalə edilib.

Tarif Şurasının qərarı ilə 2014-cü il yanvarın 1-dən rabitə xidmətləri, beynəlxalq və şəhərləraarsı zənglər və faks aparatından istifadəyə görə qiymətlər aşağı salınıb.

Yeni tarif dəyişikliyinə əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb.

107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.