Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib

Posted by

Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib

Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib

Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib

Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü il tarixli Fərmanına əsasən, Ədliyyə Nazirliyi tərəfindən “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılıb: “Bu sistem həm Ədliyyə Nazirliyi ilə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi baxımından, həm də ümumilikdə böyük imkanlar yaradır. İnanırıq ki, belə bir sistemin yaradılması qarşıda duran hədəflərə çatmaqda, şəffaflığın təmin edilməsində, vətəndaş cəmiyyətinin inkişafı prosesində böyük addım olacaq”.

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi barədə geniş məlumat verən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat Baş İdarəsinin İnformasiya təminatı şöbəsinin rəisi Ağakərim Səmədzadə elektron məlumat sisteminin strukturu, istifadə qaydaları, interaktiv imkanları və s. barədə danışıb.

O bildirib ki, “Fərdi elektron pəncərə” qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.

Şöbə rəisi deyib ki, bu sistemdən istifadə edən hər bir QHT üçün “fərdi elektron kabinet”in yaradılması, QHT-lərin fəaliyyətinə dair sənədlərin elektron formada qəbulu və cavablandırılması, avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması, sistemləşdirilmiş şəkildə saxlanılması, qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması və digər funksiyalar nəzərdə tutulur.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov əlavə edib ki, sistemdə məlumatların konfidensiallığı tam qorunacaq. O, qeyd edib ki, QHT-lər sistemin təkmilləşdirilməsi üçün istənilən an təkliflərini verə bilərlər.

QHT-lərə elan edilib ki, bu sistemdən istifadə etmək məqsədilə login və parolun əldə edilməsi üçün qeyri-hökumət təşkilatlarının səlahiyyətli şəxsi Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinə müraciət etməlidirlər.

QHT-lərə elektron məlumat sistemindən istifadə qaydaları barədə hazırlanmış təlimat təqdim edilərək sistemə qoşulmaya dair izahat da verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin vətəndaş cəmiyyətinin inkişafına, şəffaflığın artırılmasına və QHT-lərlə dövlət orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətə böyük təkan verə biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Azərbaycanda 3 minə yaxın QHT dövlət qeydiyyatına alınıb, 111 qeyri-kommersiya hüquqi şəxsin filial və nümayəndəliyi fəaliyyət göstərir.

 

Trend.az