Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir

Posted by

Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilirAzərbaycanda məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir

Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir

Rəsmi statistikaya nəzər saldıqda görürük ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədə, ən azı, bir qadın öldürülür. Eyni zamanda, hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 faizinin qurbanı da qadınlar olur. ABŞ, Kanada, İsrail, Avstraliya, Cənubi Afrika ən çox zorakılıq halları baş verən ölkələr sırasındadır.

Ölkəmizlə əlaqədar araşdırmalara nəzər yetirdikdə görürük ki, son 6 ay ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib, 17 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadınlar olub.

Təbii ki, ölkəmizdə məişət zorakılığı ilə əlaqədar dövlətin verdiyi fərman və sərəncamlar, qəbul edilmiş qanunlar və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələr sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərmiş olur.

Bu mənada 5 illik təcrübəyə malik “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin məişət zorakılığı probleminin aradan qaldırılmasında sosial maarifləndirmə və effektiv təsiretmə layihələri diqqəti cəlb edir.

“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin sədri Kəmalə Məmmədova problemlə əlaqədar deyib ki, nəinki Azərbaycan, eləcə də bu gün inkişaf etmiş bir sıra dövlətlərdə məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır: “Zorakılıqların baş verməsinin əsas səbəbi qadınların cəmiyyətdə hüquqlarını bilməməsi və sözügedən problemə laqeyd yanaşılmasıdır. Zorakılığa, qadın hüquqlarının tapdanmasına qarşı bir çox qanunlar mövcuddur. 1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılmasına aid konvensiya qəbul edib. 1981-ci ildə bu konvensiyaya 21, indiyədək isə 181 ölkə qoşulub”.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda da bu problemə qarşı ciddi mübarizə başlanıb. 1995-ci ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulub. Elə həmin ilin yayında ulu öndər Heydər Əliyev Çində keçirilən Qadınların IV beynəlxalq konfransında qadınlarımızın yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

Ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi bu problemin aradan qaldırılması istiqamətində aparılan işlərin zirvəsi olub. Bununla qadınlara böyük səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət qayğısının göstəricisi idi”.

“2010-cu ildə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması da bu sahədə dövlət səviyyəsində atılan mühüm bir addım idi”, – deyən K.Məmmədova vurğulayıb ki, “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənc qadınların məişət zorakılığı haqqında maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Şamaxı, İsmayıllı, Bərdə, Ağdam, Şirvan, Hacıqabul və digər rayonlarda gənc qadınlar arasında məişət zorakılığı haqqında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlərə bütün yaş kateqoriyalarından olan qadınlar cəlb edilib, məişət zorakılığına aid maarifləndirici bukletlər paylanılıb, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib.

K.Məmmədova onu da qeyd etdi ki, Azərbaycanda dövlət səviyyəsində məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir. Lakin təsirli nəticələr əldə etmək üçün vətəndaş cəmiyyəti institutları daha da fəallaşmalı, sosial maarifləndirmə işlərini gücləndirməli və məişət zorakılığı probleminin minimuma endirilməsi işinə öz töhfəsini verməlidir.

 

Trend.az