Azərbaycanda bəzi inzibati cərimələrin tətbiqində yenilik ediləcək

Posted by

Azərbaycanda bəzi inzibati cərimələrin tətbiqində yenilik ediləcək

 

Azərbaycanda bəzi inzibati cərimələrin tətbiqində yenilik ediləcək

Azərbaycanda bəzi inzibati cərimələrin tətbiqində yenilik ediləcək

 

Azərbaycanda bəzi inzibati xətalara görə nəzərdə tutulan inzibati cərimələr şərti olaraq tətbiq ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinə əsasən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) bir sıra maddələrin əlavə edilməsi nəzərdə tutulur.

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

Həmin müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, yuxarıda qeyd edilən müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən hüquqpozmanın aradan qaldırılması üçün verilən müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.

Qeyd edək ki, İXM-ə 25.6-1-ci, 425.1.1-1-ci, 426.1.5-1-ci və 426-1-ci maddələrin əlavə olunmasını nəzərdə tutan qanun layihəsi parlamentə Azərbaycan Prezidenti tərəfindən daxil olub və Milli Məclisin yaz sessiyası dövründə plenar iclasda müzakirəyə çıxarılacaq.

 

Trend.az