Azərbaycan yol polisi: Sürücülər evakuatorların avtomobillərə vurduğu maddi ziyana görə məhkəmələrə müraciət etməlidir

Posted by

Azərbaycan yol polisi: Sürücülər evakuatorların avtomobillərə vurduğu maddi ziyana görə məhkəmələrə müraciət etməlidir

Azərbaycan yol polisi: Sürücülər evakuatorların avtomobillərə vurduğu maddi ziyana görə məhkəmələrə müraciət etməlidir

Azərbaycan yol polisi: Sürücülər evakuatorların avtomobillərə vurduğu maddi ziyana görə məhkəmələrə müraciət etməlidir

Azərbaycanda daşıma, yükləmə və ya təxliyyə zamanı hər hansı nəqliyyat vasitəsinə zərər yetirilərsə, vətəndaş bununla bağlı mütləq mülki qaydada məhkəməyə müraciət etməlidir. Bundan sonra ona dəymiş zərər ödənilir. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, əgər belə hallar baş verirsə, buna görə daşımanı həyata keçirən təşkilat və ya şirkət məsuliyyət daşıyır: “Belə səhlənkarlığa yol verildikdə buna görə evakuasiya xidmətini həyata keçirən şirkət məsuliyyət daşıyır. Ola bilsin ki, həmin şirkət müqavilə əsasında xidmət göstərir və daşınmaya görə də cavabdehdir”.

Şöbə rəisinin sözlərinə görə, bir sıra hallarda məhkəməsiz də keçinmək mümkündür: “Daşımanı həyata keçirən təşkilat tərəfindən maddi ziyanın vurulması təsdiqlənərsə və həmin təşkilat bu zərəri ödəməyə razı olarsa, o zaman heç məhkəmə qərarı olmadan da vurulan zərərin miqdarı müəyyənləşdirilib həmin şəxsə ödəniləcək. Bundan əlavə, həmin nəqliyyat vasitələri icbari qaydada şığorta olunub. Yəni dəymiş ziyan sığorta şirkətləri tərəfindən də ödənilə bilər”.

K.Əliyev həmçinin qeyd edib ki, avtomobillərin evakuatorla təxliyyəsi zamanı nəqliyyat vasitələrinə dəymiş ziyana görə yol polisi heç bir məsuliyyət daşımır: “Yol kənarında qanunla icazə verilməyən yerlərdə saxlanılmış avtomobillər yol polisinin çağırışı ilə təxliyyə olunur və həmin evakuatoru da əraziyə yol polisi çağırır. Lakin avtomobillərə maddi ziyanın dəyməsi ilə nəticələnən hadisələr zamanı yol polisi heç bir məsuliyyət daşımır. Yol polisi evakuatoru yalnız təxliyyə üçün çağırır. Təxliyyənin necə aparılmasına görə isə onu həyata keçirən təşkilat məsuliyyət daşıyır”.

BDYPİ-nin sözçüsü belə halların baş verməməsi üçün sürücülərə məsləhət də verib: “Əgər kimsə fikirləşirsə ki, avtomobili təxliyyə olunarkən nədənsə zərər görə bilər, onda yaxşısı budur ki, ümumiyyətlə, nəqliyyat vasitələrini qadağan olunmuş ərazilərdə saxlamasınlar. Yəni belə hallardan çəkinən sürücülər əvvəlcədən işini ehtiyatlı tutmalı, avtomobilini yeraltı və yerüstü dayanaqlarda saxlamalıdırlar”.

Qeyd edək ki, bir sıra hallarda avtomobillərin evakuasiyası zamanı səhlənkarlıq ucbatından nəqliyyat vasitələrinə müəyyən ziyan vurulur. Evakuatorun qarmaqları təxliyyə olunan avtomobilə bənd edilərkən bəzən avtomobillər cızılır, onların təkər və ox sistemi zədələnir. Hətta elə hal olur ki, evakuatora qaldırılan avtomobil yolun qırağında saxlanılan digər avtomobilin üzərinə və ya yerə aşır.

 

Trend.az