Azərbaycan XİN: Etnik təmizləmə siyasəti aparmış Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı yoxdur

Posted by

Azərbaycan XİN: Etnik təmizləmə siyasəti aparmış Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Etnik təmizləmə siyasəti aparmış Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Etnik təmizləmə siyasəti aparmış Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı yoxdur

Azərbaycan xalqına qarşı ağır müharibə cinayətlərini və etnik təmizləmə əməllərini törətmiş, Xocalı soyqırımının hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyinin sülh, mənəvi və əxlaqi dəyərlərdən danışması riyakarlığın ən ifrat nümunəsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın çıxışını şərh edərkən deyib.

E.Abdullayev bildirib ki, Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə, köklü azərbaycanlılara, eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə törətmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur: “Məgər Azərbaycan və Ermənistan xalqlarının “etnik uyğunsuzluğu”ndan danışan Serj Sarkisyan və onun sələfi Robert Köçəryan deyildimi? Həmin Serj Sarkisyan deyilmi, öz ölkəsinin gəncləri qarşısında çıxış edərək, xülyalarda yaşayan “Böyük Ermənistan” yaratmaq üçün onları qonşu dövlətlərin ərazilərinə göz dikməyə və gələcəkdə daha böyük və qanlı müharibələrə təhrik edən? Bu, irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib”.

XİN rəsmisi qeyd edib ki, “azadlıq” və “patriotizm”dən dəm vuran Ermənistan rəhbərliyinin öz xalqına rəftarının və münasibətinin dəfələrlə şahidi olmuşuq: “Erməni ictimai xadimlərin dediyi kimi, Ermənistan xalqına qarşı “ağ soyqırım” törədən Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamağa məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Populizm və yalan dolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarkisyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə, əhalisinin 40 faizindən çoxu yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı”.

XİN rəsmisinin sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və fəxarət mənbəyi olan öz çoxmədəniyyətlilik və tolerantlıq xüsusiyyətlərini qoruyub saxlayıb və Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur: “Azərbaycanda bir çox millətlərin, o cümlədən ermənilərin yaşaması və müasir Azərbaycanın inkişafından tamhüquqlu vətəndaş olaraq faydalanmaları Azərbaycan xalqının yüksək mənəvi xüsusiyyətlərindən xəbər verir. Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti onun ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və onun ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək”.

Qeyd edək ki, Ermənistan Prezidenti S.Sarkisyan fevralın 15-də “Yerkrapa” Könüllülər İttifaqının qurultayında çıxışı zamanı cəbhə xəttində yaşanan gərginliklərdə Azərbaycanı ittiham edib.

 

Trend.az