Azərbaycan transmilli təhlükələrə qarşı beynəlxalq mübarizəni dəstəkləyir

Posted by

Azərbaycan transmilli təhlükələrə qarşı beynəlxalq mübarizəni dəstəkləyirAzərbaycan transmilli təhlükələrə qarşı beynəlxalq mübarizəni dəstəkləyir

Azərbaycan transmilli təhlükələrə qarşı beynəlxalq mübarizəni dəstəkləyir

Romada beynəlxalq münasibətlərlə bağlı Diplomatiya Festivalı çərçivəsində keçirilən “dəyirmi masa”da “Transmilli cinayətkarlığa qarşı mübarizə” mövzusunda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov deyib ki, mütəşəkkil cinayətkarlıq və terrorizm artıq beynəlxalq birlik üçün böyük hədəyə çevrilib. Azərbaycan bu transmilli təhlükələrə qarşı beynəlxalq səviyyədə aparılan mübarizəni dəstəkləyir. Səfir bildirib ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı bir sıra terror aktları həyata keçirilib. Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim işğal altındakı ərazimizi narkotiklərin və silahların qeyri-qanuni daşınması, habelə insan alveri, qaçaqmalçılıq və digər qanunsuz işlər üçün istifadə edir.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqaz tarixi İpək Yolu üzərində yerləşən, irimiqyaslı layihələrin icra olunduğu Avropa-Qafqaz-Asiya tranzit dəhlizi üçün mühüm regiondur. Bu bölgədə separatist rejimlərin fəaliyyəti regionun gələcək inkişafına ciddi təhlükə yaradır, iqtisadi əməkdaşlığı əngəlləyir.

Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror aktları barədə məlumat verən V.Sadıqov vurğulayıb ki, Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra Azərbaycan antiterror koalisiyasına qoşularaq beynəlxalq terrorizmə qarşı həyata keçirilən kampaniyaya tam dəstək verir. Ölkəmiz terrorizm, mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və digər bu kimi problemlərə qarşı mübarizə istiqamətində bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Festival çərçivəsində “Muxtariyyət təkanvericiləri və referendum alət kimi” mövzusunda keçirilən digər “dəyirmi masa”da çıxış edən səfirliyin müşaviri Vüqar Hacıyev Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəblərindən, problemin nizamlanmasına dair danışıqlar prosesindən bəhs edib.

Diplomat diqqətə çatdırıb ki, beynəlxalq hüquq heç bir halda sərhədlərin güc yolu ilə dəyişdirilməsini qəbul etmir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə ölkəmizin ərazi bütövlüyünü pozub, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı 4 qətnaməsi hələ də kağız üzərində qalır.

Digər “dəyirmi masa” isə “Enerji təchizatının dəyəri və geosiyasi risklər” mövzusunda keçirilib. Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Fuad Fərzəlibəyov Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü enerji siyasətindən danışıb. O, vurğulayıb ki, regionda ölkəmizin fəal iştirakı ilə həyata keçirilən iri enerji layihələrinin, xüsusilə “Cənub” qaz dəhlizi layihəsinin reallaşması Avropanın və İtaliyanın enerji təhlükəsizliyi üçün müsbət şərait yaradacaq.

Tədbirlərdə İtaliyanın dövlət və hökumət rəsmiləri, akademik və işgüzar dairələrinin təmsilçiləri, nüfuzlu beynəlxalq təşkilatların, Romadakı diplomatik korpusun, KİV-lərin nümayəndələri iştirak ediblər.

 

AzərTac.az