Azərbaycan Silahlı Qüvvələri üçün yeni tipli mobil səhra hospitalları alınacaq

Posted by

Azərbaycan Silahlı Qüvvələri üçün yeni tipli mobil səhra hospitalları alınacaq Azərbaycan Silahlı Qüvvələri üçün yeni tipli mobil səhra hospitalları alınacaq

Azərbaycan Silahlı Qüvvələri üçün yeni tipli mobil səhra hospitalları alınacaq

Azərbaycan yeni tipli mobil hərbi səhra hospitallarının alınmasına dair Türkiyənin “Turmaks” şirkəti ilə danışıqlar aparır. Bu barədə Trend-ə Türkiyənin “Turmaks” şirkətinin baş direktorunun müavini İlker Hüner deyib.

İ.Hüner bildirib ki, şirkət 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı təhvil verib: “Ötən il Azərbaycan Müdafiə Nazirliyi ilə bağladığımız müqavilə çərçivəsində 10 aylıq layihəni 6 aya bitirib 2 mobil səhra hospitalını təhvil verdik. Azərbaycana verdiyimiz hospitalların hər birində 2 əməliyyat otağı, 2 intensiv terapiya, 1 diaqnostika, 1 qərargah, 1 diş otağı, 1 morq, xəstələr üçün 6 çadır, elektrik generatoru, su təmizləmə sistemi, tibbi cihazlar, çarpayılar və s. var. Hər bir hospital 60 nəfər xəstə üçün nəzərdə tutulub. Bir mobil hospital açıldıqda 2500 kv.m. ərazini tutur. O zaman həmin iki mobil hospitalın ümumi maliyyə dəyəri 13 milyon ABŞ dolları idi”.

Onun sözlərinə görə, şirkət mobil hospitalları Azərbaycana təkcə təhvil verməklə kifayətlənməyib, həm də onun istifadəsi üçün təlim-treyninqlər keçirib.

Baş direktorun müavininin bildirdiyinə görə, Müdafiə Nazirliyi tərəfindən onlara bildirilib ki, alınan ilk nümunələrdən razı qaldıqları üçün yenilərini sifariş vermək niyyətindədirlər: “Bu dəfə onlar daha kiçik variantlı mobil hospitallar almaqda israrlıdırlar. Artıq bununla bağlı danışıqlara başlanılıb”.

“Turmaks”ın təmsilçisi bildirib ki, bu hospitallar tam avtonom, muxtar rejimdə işləyə bilir. Onların çox və ya azfunksional olması isə verilən sifarişdən asılıdır: “Normalda minimum komplektə 1 ədəd əməliyyat otağı kimi istifadə edilən konteyner və 1 çadır daxildir. Konteyneri bir yük avtomobilində, çadırı və tibbi avadanlıqları isə arxada qoşqu şəklində rahat daşımaq və istənilən yerdə cəmi 30-40 dəqiqə içində qurmaq olur. Azərbaycana satdığımız böyük variantlı hospitallar isə təxminən 6-8 saata qurulur. Sonra onu yenidən operativ qaydada söküb daşıyaraq başqa bir yerdə rahat quraşdırmaq olur. Bu dəfə Müdafiə Nazirliyi məhz daha kiçik variantlı mobil hospitallar almaqda maraqlıdır. Bundan başqa, Azərbaycanın digər güc strukturları da bu növ mobil hospitalların alınmasına maraq göstərir”.

İ.Hüner deyib ki, “Turmaks”dünyada mobil səhra hospitalları və təcili yardım kompleksləri sahəsində ixtisaslaşan cəmi 4-5 şirkətdən biri, Türkiyədə isə yalnız yeganədir. Bu xəstəxanalarda önəmli olanı ayrı-ayrı məhsulu bir yerə inteqrasiya edib sistem halında işlədə bilməkdir.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həqiqətən də Müdafiə Nazirliyi Silahlı Qüvvələr üçün mobil səhra hospitallarının alınmasında maraqlıdır. Hazırda bu istiqamətdə adıçəkilən şirkətlə danışıqlar aparılır.

 

Trend.az