Azərbaycan nümayəndə heyətinin Yaponiyanın Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan nümayəndə heyətinin Yaponiyanın Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycan nümayəndə heyətinin Yaponiyanın Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycan nümayəndə heyətinin Yaponiyanın Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri çərçivəsində iyunun 4-də bu ölkənin Fucikavaquçiko şəhərinin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Fucikavaquçiko şəhərinin meri Y.Vatanabe Azərbaycanın son illər sürətli inkişafı və qazandığı uğurlar barədə xəbərdar olduqlarını bildirmişdir. Azərbaycanın Yaponiyadakı səfirliyi ilə sıx və mütəmadi əlaqələri olduğunu diqqətə çatdıran mer rəhbərlik etdiyi şəhərin tarixi və inkişaf istiqamətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, əhalisinin sayının 27 minə yaxın olmasına baxmayaraq, şəhər ildə 3 milyona qədər turist qəbul edir. Bunun səbəbi turizmin inkişafı üçün lazım olan bütün infrastrukturun mövcudluğudur.

Y.Vatanabe Fucikavaquçiko şəhərinin rəhbərliyinin regional əməkdaşlıq çərçivəsində Azərbaycanın şəhər və rayonları ilə dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov görüşdə müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını bildirmişdir. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz bəhrəsini verir və Azərbaycan regionun lider ölkəsinə və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrilmişdir. Azərbaycanın dünyanın enerji təminatında mühüm rol oynayan beynəlxalq səviyyəli enerji layihələrində aparıcı rolu, TANAP və TAP kimi layihələrdə fəal iştirakı diqqətə çatdırılmışdır. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan Hüseyn Mövsümov bu baxımdan Fucikavaquçiko şəhəri ilə Azərbaycanın rayonları arasında dostluq və tərəfdaşlıq əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.

Sonra Fucikavaquçiko şəhərinin iqtisadi inkişaf istiqamətləri barədə təqdimatlar keçirilmişdir.

Fucikavaquçiko şəhəri ilə əməkdaşlıqda maraqlı olan Qəbələ, Masallı, Qusar, Şabran, Yardımlı və Ağcabədi rayonlarının rəhbərləri bu rayonların iqtisadi inkişaf göstəriciləri haqqında məlumat vermiş, yapon tərəfini Azərbaycana səfərə dəvət etmişlər.

Qonaqpərvərliyə və ətraflı fikir mübadiləsinə görə Fucikavaquçiko şəhərinin rəhbərliyinə minnətdarlığını bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümov dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsini yapon tərəfinə təqdim etmişdir.

Fucikavaquçiko şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti turizm və kənd təsərrüfatı obyektləri ilə yaxından tanış olmuş, şəhərin tarixi və görməli yerlərini ziyarət etmişdir.

 

AzərTac/az