Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa yeni nəfəs vermək baxımından önəmlidir

Posted by

Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa yeni nəfəs vermək baxımından önəmlidir

Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa yeni nəfəs vermək baxımından önəmlidir

 

Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa yeni nəfəs vermək baxımından önəmlidir

Noyabrın 14-də Parisdə, UNESCO-nun mənzil qərargahında “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modelləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konfransda xarici ekspertlər, ictimaiyyətin və beynəlxalq QHT-lərin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların təmsilçiləri iştirak ediblər.

 

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov çıxışında ölkəmizdə müxtəlif etnik qruplar arasında tolerantlığın təşviq edildiyini bildirib. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası körpü rolunu oynayır. Ölkəmizdə azsaylı xalqların nümayəndələri neçə əsrlərdir ki, dostluq şəraitində yaşayırlar, dövlətimiz tərəfindən onların dininin, dilinin, mədəniyyətinin inkişafına hər cür qayğı göstərilir. Bu, əsl tolerantlıq nümunəsidir.

 

Türkiyənin UNESCO yanındakı nümayəndəliyinin rəhbəri Hüseyn Avni Botsalı müasir dünyamızda mədəniyyətlərarası dialoqun təbliğinin, Azərbaycanın və Türkiyənin simasında dini tolerantlıq və birgəyaşayışın nadir modelinin təşviqinin əhəmiyyətindən bəhs edib.

 

Panellərdə işini davam etdirən konfransda çıxış edən Avropa Şurasının Şimal-Cənub mərkəzinin icraçı direktoru Jan-Mari Haydt Avropada multikulturalizm siyasətinin iflasını təəssüf hissi ilə qeyd edib, bugünkü konfransın yeni modellərin axtarışı üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

 

İslam Əməkdaşlıq Təşkilatının müşaviri Ömür Orhun qeyd edib ki, əsl dialoqu dinlər arasında qarşılıqlı anlaşma və hörmətin mövcud olması şərtləndirir. Məhz bu cür mühitin mövcudluğu radikalizmlə mübarizədə uğur qazandıra bilər.

 

Qərbi Trakya Azlıqları Assosiasiyasının prezidenti Parvin Chairoula müasir Avropada dini kimlik amilindən və bu məsələyə Avropa strukturlarında və beynəlxalq təşkilatlardakı ikili yanaşmadan bəhs edib.

 

İkinci panelə moderatorluq edən “Sosial vəhdət uğrunda Avropa müsəlman təşəbbüsləri” beynəlxalq qeyri-hökumət təşkilatının icraçı direktoru, Danimarkadan olan ekspert Başarat Qureyşi Azərbaycanda dini tolerantlıq və dövlət-din modelinin unikallığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa, həmçinin bu istiqamətdəki axtarışlara yeni nəfəs vermək baxımından önəmlidir.

 

DQDK sədrinin müavini Siyavuş Heydərov çıxışında bildirib ki, Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma olmayıb. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin hazırkı dövrə qədər qorunub saxlanmasında Azərbaycan xalqının milli xüsusiyyətlərinin rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələri, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Bu iş Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqətindədir. Təsadüfi deyil ki, İlham Əliyev yüksək tribunalarda çıxışları zamanı həmişə qeyd edir: “Tolerantlıq – Azərbaycanın vizit kartıdır”.

 

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan dövlətinin mövcud din siyasətindən danışıb. Qeyd edib ki, bu siyasət Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanmasına və daha da möhkəmlənməsinə yönəlib. Azərbaycan Prezidentinin Sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkə rəhbərliyinin iradəsinin ifadəsidir.

 

Milli Məclisin deputatı Yevda Abramov bir yəhudi və millət vəkili olmaqdan daha əvvəl Azərbaycan vətəndaşı olması ilə fəxr etdiyini bildirib. O, çıxışını ümummilli lider Heydər Əliyevdən sitatla bitirib “Azərbaycanda heç zaman antisemitizm olmayıb və bundan sonra da olmayacaq”.

 

Daha sonra konfransda Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, Bakı Pravoslav kilsəsinin katibi Mifodi Əfəndiyev, “Həyat sözü” dini icmasının sədri Rasim Xəlilov, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Azərbaycanın gürcü yəhudiləri dini icmasının sədr müavini Moisey Bekker Azərbaycanda mövcud dinlərarası münasibətlərdən, xalqımızın tarixi ənənələrindən, həmçinin dövlət-din münasibətlərindən danışıblar.

 

Konfransa yekun vuran Böyük Britaniyanın Lankaster Universitetinin professoru Aristotel Kallis bildirib ki, Azərbaycanın nadir tolerantlıq modelinin Avropada təbliği son dərəcə önəmlidir.

 

AzərTac.az