Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 10 faiz artıb

Posted by

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 10 faiz artıb

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2013-cü ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsində Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə 5 604,2 manatlıq (7 142,8 ABŞ dolları) əlavə dəyər istehsal olunub ki, bu da il ərzində 4,3 faizlik artım deməkdir.

Əlavə dəyərin 46,5 faizi sənaye sahələrində, 11,7 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 5,4 faizi nəqliyyatda, 9,2 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 13,9 faizi digər sahələrdə istehsal olunub. Ümumi daxili məhsulun 30,2 faizi xidmət sektorunda istehsal olunub.

Məhsula və idxala təmiz vergilər ÜDM-in 6,3 faizini təşkil edib. Xidmət sektorunda ÜDM-in 7,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 2,1 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin payına düşür.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz, neft sektorunda isə 1,3 faiz artıb.