Azərbaycan ilə YUNİSEF arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub

Posted by

Azərbaycan ilə YUNİSEF arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ilə YUNİSEF arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ilə YUNİSEF arasında gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb, uşaq hüquqları sahəsində birgə əməkdaşlığa dəstək verməyə hazır olduğunu söyləyib. O, fəaliyyət dövrü ərzində bu nüfuzlu beynəlxalq qurumla səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Müvəkkil gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.

O, ölkəmizdə uşaq və gənclər siyasətinin də uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. E.Süleymanova vaxtilə rəhbərlik etdiyi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini və Liderlik Məktəbini yaratdığını söyləyib, fəal məktəblilərin buraya cəlb edildiyini və bu uşaqların əsl liderlər kimi formalaşdırıldığını vurğulayıb. O, A.Şilakadzeni hazırda ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Liderlik Məktəbinin fəaliyyəti ilə tanış olmaq üçün bu məktəbə dəvət edib.

Ombudsman təsisatı tərəfindən uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirildiyi, əlilliyi olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm tədbirlərin görüldüyü, müvafiq dövlət orqanlarına əlilliyi olan şəxslərin sağlam insanlarla birgə təhsili üçün bərabər imkanlar yaradan inklüziv təhsilə, əqli və fiziki imkanlarına görə peşə hazırlığına cəlb olunması, asudə vaxtlarının təşkili ilə əlaqədar təkliflər verildiyi, de-institutlaşma proqramı üzrə ailələrə qaytarılmış uşaqların vəziyyətinin, habelə qanunla münaqişədə olan uşaqlara qarşı münasibətin öyrənilməsinin monitorinqinin aparıldığı bildirilib.

Müvəkkil Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını, həmçinin “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasını diqqətə çatdırıb. O, bu qanunun təşviqinin sürətləndirilməsinin zəruriliyini bildirib.

Azərbaycan ombudsmanının Uşaq hüquqları üzrə ombudsmanların Avropa Şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılıb.

Ombudsman və əməkdaşları tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparıldığı, müvafiq qurumlara bu araşdırmaların nəticələri üzrə təkliflər göndərildiyi, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikamızın regionlarında müsbət təcrübə kimi gerçəkləşdirilən uşaq hüquqlarının pilləli tədrisi barədə ətraflı məlumat verilib.

E.Süleymanova ölkəmizdə uğurla tətbiq olunan, uşaq və gənclərin, o cümlədən qaçqın və məcburi köçkün, kimsəsiz, valideyn himayəsindən məhrum olan, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi üzrə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğu İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının (MFP) icrasının monitorinqi ilə əlaqədar müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, QHT-lərlə, icmalarla müzakirələr aparıldığını, respublikanın hər bir rayonunda ictimai dinləmələr keçirildiyini söyləyib.

Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini söyləyib.

O, Azərbaycan ombudsmanının əhalinin müxtəlif qruplarının hüquqları, o cümlədən uşaq hüquqları sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını vurğulayıb. Qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirib, qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb.

 

Trend/az