Azərbaycan ilə İsveç arasında parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb

Posted by

Azərbaycan ilə İsveç arasında parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıbAzərbaycan ilə İsveç arasında parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb

Azərbaycan ilə İsveç arasında parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədovun bu ölkənin parlamentinin sədri Urban Ahlin ilə görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Səfir Adış Məmmədov Urban Ahlini parlamentin sədri seçilməsi münasibətilə təbrik edib, onun İsveç-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına dəstək verəcəyinə ümidvar olduğunu bildirib. İsveç ilə ikitərəfli əlaqələrin inkişafının Azərbaycan dövlətinin maraqlarında duran məsələlərdən biri olduğunu deyən səfir parlamentlərarası əlaqələrin də inkişafının ikitərəfli münasibətlərin genişlənməsində mühüm yer tuta biləcəyini diqqətə çatdırıb.

Görüşdə səfir A.Məmmədov ölkəmizdəki ictimai-siyasi vəziyyət, Azərbaycanın regiondakı rolu haqqında danışıb. O, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın böyük inkişaf yolu qət etdiyini, idarəetmənin bütün sahələrində nəzərəçarpacaq dərəcədə irəliləyişlərin əldə olunduğunu söyləyib. Azərbaycandakı demokratik dəyərlərin inkişafı və vətəndaş cəmiyyətinin formalaşması proseslərindən danışan səfir ölkəmizdə azad söz, azad fikirlə bağlı heç bir problemin olmadığını qeyd edib. Diplomat Azərbaycanın müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir yerdə sülh şəraitində yaşadığı tolerant bir ölkə olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunduğunu, nəticədə 1 milyondan artıq vətəndaşımızın 20 ildən çoxdur ki, məcburi köçkün həyatı yaşadığını söyləyib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini və bu qətnamələrdə erməni hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının birmənalı şəkildə tələb edildiyini bildirən A.Məmmədov rəsmi Yerevanın həmin qətnamələrə məhəl qoymadığını vurğulayıb.

İsveç parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinin bütün Avropa dövlətləri kimi, ölkəsi üçün də narahatlıq doğurduğunu söyləyib.

Urban Ahlin İsveç ilə Azərbaycan arasında siyasi əlaqələrin inkişafından bəhs edərək, bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

A.Məmmədov İsveç parlamentinin sədrini Azərbaycana səfərə dəvət edib. U.Ahlin isə gələn il bu səfərin reallaşmasının mümkün ola biləcəyini deyib.

 

AzərTac.az