Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr dostluq və qardaşlıq səviyyəsindədir

Posted by

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr dostluq və qardaşlıq səviyyəsindədir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr dostluq və qardaşlıq səviyyəsindədir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr dostluq və qardaşlıq səviyyəsindədir

İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrindən danışmış, iki ölkə arasında bütün sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, hər iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Şeyxülislam ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Allahşükür Paşazadə yüksək səviyyəli görüşlərin əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır. Hər iki ölkənin parlamentlərinin və digər qurumlarının bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunun olduğu vurğulanmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən şeyxülislam Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına minnətdarlığını bildirmişdir.

Sovet dövründə Azərbaycanda məscidlərin sayının o qədər də çox olmadığını deyən A.Paşazadə bildirmişdir ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilmişdir. Eləcə də Azərbaycanda sinaqoq və kilsələr fəaliyyət göstərir. Bunlar hamısı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olmuşdur.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirmişdir. O, iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu gün Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətləri dostluq və qardaşlıq səviyyəsindədir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Abdulla ibn Məhəmməd Ən-Nasir qeyd etmişdir ki, Səudiyyə Ərəbistanının bu məsələdə mövqeyi dəyişməzdir. Rəsmi Ər-Riyad Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Siyavuş Novruzov Azərbaycanın haqq işini hər zaman bütün beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, bu gün Azərbaycan İslam dəyərlərini bütün dünyada uğurla təbliğ edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.

 

AzərTac.az