Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir

Posted by

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir

 

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərinə səfəri zamanı Pakistanın Xayber Paxtunxva əyalətinin qubernatoru Şövkatullah Xan ilə görüşmüşdür.

Görüşdə səfir Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərindən danışmışdır. D.Şikarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq etmişdir.

Söhbət zamanı səfir Azərbaycanda gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar haqqında məlumat vermiş, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Diplomat iqtisadi əlaqələrin daha da inkişafı üçün birbaşa uçuşların bərpa edilməsinin, iş adamları arasında əlaqələr yaradılmasının, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Şövkatullah Xan əyalətdə yaşayan xalqların azərbaycanlılarla oxşar mədəniyyət və adət-ənənələrə malik olduqlarını qeyd etmiş, Pakistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin önəmindən danışmışdır.

Qubernator Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini bildirmiş, rəsmi Bakının da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.

Ş.Xan əyalətdə həyata keçirilən investisiya layihələri haqqında məlumat vermiş, Azərbaycan iş adamlarını həmin layihələrdə iştiraka dəvət etmişdir. Xayber Paxtunxvada zəngin kömür, xrom, mis, mərmər yataqlarının olduğunu bildirən qubernator bu təbii sərvətləri Azərbaycan tərəfi ilə birgə istehsal etməyə hazır olduqlarını demişdir.

Qubernator, həmçinin 2005-ci ildə əyalətdə baş vermiş zəlzələ zamanı azərbaycanlı xilasedicilərin və həkimlərin fəaliyyətini yüksək qiymətləndirmiş, bunun qardaşlıq rəmzi olduğunu vurğulamış, yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etmişdir.

Ş.Xan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xeybər Paxtunxva əyalətinin müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. O əmin olduğunu bildirmişdir ki, bu kimi layihələrin həyata keçirilməsi iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəkdir.

 

AzərTac.az