Azərbaycan BMT ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Posted by

Azərbaycan BMT ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Azərbaycan BMT ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Azərbaycan BMT ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Mayın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox hüququ pozulmuş azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətindən bəhs edilmiş, problemin həllində beynəlxalq təşkilatların rolundan söhbət açılmışdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd etmişdir ki, Azərbaycan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Həmçinin qurumun qəbul etdiyi qərar və qətnamələrə böyük hörmətlə yanaşır.

Sədr müavini Dağlıq Qarabağ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni xatırladaraq Ermənistan tərəfinin bunlara məhəl qoymadığını diqqətə çatdırmışdır. Bahar Muradova demişdir: “Mən özüm də hüquqları tapdalanan 1 milyondan çox azərbaycanlıdan biriyəm. Çünki işğal olunmuş bölgələrdə mənim də evim talanmışdır. Hazırda həmin insanları Azərbaycan parlamentində təmsil edirəm. Uzun illərdir ki, öz hüquqlarımızın bərpası naminə xeyli səy göstərmişik. Çox təəssüf ki, bu istiqamətdəki fəaliyyətimiz istənilən nəticəni verməmişdir. Çünki torpaqlarımız hələ də işğal altındadır. Çox istərdik ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməsində qətiyyətlilik nümayiş etdirsin”.

Birləşmiş Millətlər Təşkilatının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani bildirmişdir ki, BMT hər bir münaqişənin dinc yolla həllinə böyük səylər göstərir. Məcburi köçkünlərin problemlərinin həll olunması üçün münasib yollar axtarır. Ç.Beyani bu sahədə əlaqələrin inkişafında birinci amil kimi parlamentin siyasi rolunu yüksək qiymətləndirmiş, mümkün həll yolları tapmağın vacibliyini vurğulamışdır.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış edərək təəssüf hissi ilə bildirmişlər ki, əksər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir səy göstərmirlər. Xüsusən də ATƏT-in Minsk qrupunun bu istiqamətdəki fəaliyyəti qənaətbəxş deyildir. Bildirilmişdir ki, yeganə istəyimiz işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması və 20 ildən çoxdur ki, hüquqları pozulmuş və yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır.

Görüşdə qonağı maraqlandıran suallara da aydınlıq gətirilmişdir.

 

AzərTac.az