Azay Quliyev: Keyt Barnes karyerasını Azərbaycanı tənqid etmək üzərində qurmaq istəyir

Posted by

Azay Quliyev: Keyt Barnes karyerasını Azərbaycanı tənqid etmək üzərində qurmaq istəyirAzay Quliyev: Keyt Barnes karyerasını Azərbaycanı tənqid etmək üzərində qurmaq istəyir

Azay Quliyev: Keyt Barnes karyerasını Azərbaycanı tənqid etmək üzərində qurmaq istəyir

“Mən onu ancaq Azərbaycanı tənqid edən bir şəxs kimi tanıyıram. Görünür, o öz karyerasını Azərbaycanı tənqid etmək üzərində qurmaq istəyir və vətəndaş cəmiyyəti və insan haqları mövzusunda daim Azərbaycanı hədəfə götürüb”.

 

Bunu Trend-ə ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Azərbaycan Parlamentinin deputatı Azay Quliyev ABŞ-ın ATƏT-dəki missiyasının rəhbərinin müavini Keyt Mari Barnesin Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuat barədə səsləndirdiyi tənqidi fikrə münasibət bildirərkən deyib.

 

A.Quliyev qeyd edib ki, K.Barnes bu işi yenə də davam etdirir: “Hesab edirəm ki, bu, Keyt Barnes tərəfindən məqsədli şəkildə aparılan bir işdir və qəbuledilməzdir. Bir ölkəni davamlı şəkildə, yeri gəldi-gəlmədi tənqid etmək bir növ açıq şəkildə ölkəyə qarşı təzyiq tətbiq etməkdir. Mən xatırlamıram ki, Keyt Barnes başqa hər hansı bir ölkə ilə bağlı məhz bu kontekstdə müəyyən tənqidi fikirlər səsləndirsin. Ona görə də onun məqsədini araşdırmaq lazımdır”.

 

Millət vəkili hesab edir ki, “Azərbaycanda mətbuat azadlığı yoxdur” deyənləri iki kateqoriyaya bölmək olar: “Birinci kateqoriyaya daxil olan insanların ümumiyyətlə, Azərbaycanda mətbuat azadlığı ilə bağlı gedən işlərdən, ölkədə baş verən müsbət addımlardan xəbərləri yoxdur. Sadəcə olaraq, kiminsə sözü, kiminsə təlimatı ilə bu bəyanatları verirlər. İkinci kateqoriyaya aid olan insanlar isə tam əksinə, real vəziyyəti bilirlər. Real vəziyyət isə ondan ibarətdir ki, Azərbaycanda söz və ifadə azadlığı tam təmin olunub, heç kim öz fikrini, öz mövqeyini ifadə etməkdə hər hansı çətinlik çəkmir. Yetər ki, bu gün Azərbaycan mətbuatına baxaq, müxalifət qəzetlərini səhifələyək və sosial şəbəkəyə, internet qəzetlərinə və ümumiyyətlə, internet resurslarına baxaq. Görərik ki, kim istəyir öz fikrini yazır, tənqid edir, hətta təhqir edir və buna görə heç kim cəza almır. İkinci kateqoriyaya aid insanlar bilə-bilə bu cür bəyanatlar verirlərsə, deməli, burada açıq şəkildə qərəz var. Bu qərəz də odur ki, onlar bəlli çevrələrin təlimatı ilə Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, ləkələmək istəyirlər”.

 

Onun sözlərinə görə, təəssüflər olsun ki, bütün bunlar bir neçə mərkəzdən idarə olunur və davamlı və sistemli şəkildə həyata keçirilir: “Tövsiyə edirəm ki, Azərbaycanla yaxından əməkdaşlıq edən beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr bu cür avantürist dairələrin təsirinə düşməsinlər, reallığın gözünün içinə dik baxsınlar və Azərbaycana qarşı bu qədər haqsızlığa yol verməsinlər”.

 

Trend.az