Azay Quliyev: Aİ-nin Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımlar Qarabağ münaqişəsinə münasibətdə də atılmalıdır

Posted by

Azay Quliyev: Aİ-nin Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımlar Qarabağ münaqişəsinə münasibətdə də atılmalıdırAzay Quliyev: Aİ-nin Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımlar Qarabağ münaqişəsinə münasibətdə də atılmalıdır

Azay Quliyev: Aİ-nin Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımlar Qarabağ münaqişəsinə münasibətdə də atılmalıdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Senatının spikeri xanım Sabine de Butyun ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Belçika parlamentində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Şura üzvü Rəna Mirzəzadə və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşı iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini salamlayan xanım spiker Belçika Senatının fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Butyun bildirib ki, onun ölkəsi Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.

Şura Sədri A.Quliyev göstərilən xoş münasibətə görə xanım S.Butyuna təşəkkürünü bildirib. O, Şuranın xarici QHT-lərə göstərdiyi maliyyə dəstəyindən söhbət açaraq qeyd edib ki, burada əsas məqsəd Avropada və ABŞ-da fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə Şura arasında uzunmüddətli əməkdaşlığın əsasını qoymaqdır. A.Quliyev ötən il ərzində 30-a yaxın xarici QHT layihəsinin Şura tərəfindən dəstəkləndiyini vurğulayaraq əlavə edib ki, 30 təşkilatdan 4-ü Belçikadan olan QHT-dir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan A.Quliyev bu məsələdə Avropa İttifaqının (Aİ) seyrçi mövqeyindən və ikili standartlara yol verməsindən təəssüfləndiyini bildirib. İcrası məcburi olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmamasına Avropa İttifaqının adekvat münasibət bildirməməsinin doğru olmadığını və işğalçının cəzasız qalmasının bölgədə gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində Avropa İttifaqının atdığı addımların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də atılmasının vacibliyini vurğulayan Şura sədri Belçikanı münaqişənin ədalətli həllinə töhfə verməyə çağırıb.

A.Quliyev S.Butyundan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayış imkanlarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsinə köməklik göstərməyi xahiş edib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması, məşğulluğun artırılması və digər mövzularda Azərbaycanın müsbət təcrübəsi haqqında Belçıkanın parlament sədrinə ətraflı məlumat verib.

Görüşün sonunda parlament salonunda xatirə şəkilləri çəkilib.

 

Trend.az