Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib

Posted by

Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası öz işinə başlayıb.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Milli Komissiyanın rəhbəri Elnur Sultanov konfransda iştirak edirlər.

Tədbirdə YUNESKO Baş Konfransının prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Surasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problemlərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar.

YUNESKO Baş Konfransının 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz baş komitənin nominasiya komitəsinin sədr müavini seçilib.

İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr YUNESKO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.

Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri