Cinayət prosesinin həyata keçirilməsində istintaq hərəkətlərinin özünə məxsus yeri və rolu vardır. Baş vermiş cinayət hadisəsinin qısa zamanda açılması və cinayətkarların aşkarlanması üçün bu istintaq hərəkətlərinin həyata keçirilməsi və Ən əsası Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl etməklə həyata keçirilməsi vacib şərtdir. Bu istintaq hərəkətləri cinayət təqibi zamanı uyğun olaraq seçilir və kriminalistika elminin mühüm sahələrindən birini təşkil edir. İstintaq taktikasının mahiyyətini, əhəmiyyətini və cinayət prosesində tutduğu yeri görmək üçün onun nəzəri və praktik əhəmiyyətini araşdırmağa ehtiyac vardır. Bu baxımdan istintaq taktikasına S. M. Mitriçevin, M. P. Şalamovun, R. S. Belkinin və digərlərinin verdiyi təriflərə diqqət yetirmək maraqlı olardı. S. M. Mitriçevin fikrincə, «istintaq taktikası cinayətin tam və tezliklə açılması üçün istintaqın planauyğun və məqsədyönlü istiqamətdə aparılmasının, istintaq hərəkətlərinin qanuni və daha səmərəli həyata keçirilməsinin üsul və metodlarından ibarətdir». Bu tərifə bəzi alimlər iradlar tuturlar. Belə ki, istintaq taktikasının həyata keçirilməsində məntiq və psixologiya elmlərinin təsirli olduğu bir çox alimlər tərəfindən qəbul olunur. Lakin göstərilən tərifdə bu nüanslara yer verilməmişdir. İstənilən müstəntiq, prokuror və təhqiqatçının hər-hansı bir cinayət işinin açılması üzrə məntiqi əsasları olmalıdır. Bu tərifdə həmçinin məntiq və psixologiya ilə yanaşı cinayət prosessual qanunvericiliyinin də nəzərə alınmadığı əsas gətirilir. Lakin mənim fikrimcə bu yalnış iraddır, çünki «istintaq hərəkətlərinin qanuni yolla həyata keçirilməsi» dedikdə məhz Cinayət Prossesual Məcəlləsi nəzərdə tutulur. «Cinayət təqibi zamanı tətbiq olunan istintaq hərəkətləri yerinə yetirildiyi zamanı cinayət prosessual qanunvericiliyinin tələblərinə riayət olunmaqla yanaşı məntiq və psixologiya elminin də qanunauyğunluqlarından istifadə etmək lazımdır» anlayışından yanaşdıqda həqiqətən də bu tərifdə bəzi çatışmamazlıqlar mövcuddur.
Digər bir müəllif M. P. Şalamovun fikrincə «istintaq taktikası cinayətin hərtərəfli, tam, obyektiv araşdırılması, tezliklə istintaqının aparılması və qarşısının alınması məqsəd ilə istintaq fərziyyələri haqqında nəzəriyyədən, istintaqın planlaşdırılmasından, qanunçuluğa ciddi əməl edilməsi əsasında ayrı-ayrı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsinin daha səmərəli üsullarından ibarətdir».
R. S. Belkinin fikrincə «istintaq taktikası ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasının taktiki üsullarını müəyyən etməklə yanaşı, ibtidai istintaq və məhkəmə baxışının təşkili və planlaşdırılması üzrə tövsiyyələrdən, məhkəmə istintaqının həyata keçirilməsi qaydalarının müəyyənləşdirilməsindən, sübutların toplanması, tədqiqi və onlardan istifadə edilməsindən, habelə cinayəti törədən səbəb və şəraitlərin müəyyənləşdirilməsindən ibarət sistemli bir fəaliyyətdir».
Təriflərdən göründüyü kimi nəzəriyyədə istintaq taktikasına müxtəlif baxışlar və yanaşmalar vardır. Hər bir müəllif öz fikir və baxışlarında müəyyən qədər haqlıdır. Qeyd olunan təriflərdən də belə məlum olur ki, istintaq taktikasının o, cümlədən istintaq hərəkətlərinin cinayət işlərinin açılmasında böyük əhəmiyyəti vardır. Bununla yanaşı bu hərəkətlər praktiki işə tətbiq olunarkən qanunvericiliyin tələblərinə dəqiq riayət olunmalıdır. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasına və Cinayət-prosessual qanunvericiliyinə nəzər salmaq maraqlı olardı. Konstitusiyanın 63-cü maddəsinin 4-cü bəndində göstərilir ki, qanunpozuntusu yolu ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsi həyata keçirilən zaman təqsirləndirilən şəxsin əleyhinə istifadə etmək olmaz.
Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin II fəsli də insan hüquq və azadlıqlarının qorunması baxımından olduqca vacibdir. Bu fəsil tamamilə cinayət prosesinin prinsip və şərtlərini özündə əks etdirmişdir. Məcəllədə qəti şəkildə göstərilmişdir ki, «qanunda nəzərdə tutulmuş hallardan başqa heç kəs mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola bilməz». Həmçinin digər maddədə göstərilir ki, «cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ məhdudlaşdırıla bilməz». Bu göstərişlər istintaq orqanlarının işini çətinləşdirməklə yanaşı vətəndaşların təbii hüquqlarını qorumaq baxımından olduqca vacib göstərişlərdir. Evdə, istehsalat binasında, anbarlarda və s. digər yerlərdə baxış, axtarış və götürmə kimi mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı ilə məcburi həyata keçirilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 31-ci fəsli axtarış və götürmə istintaq hərəkətlərinə həsr olunmuşdur. Axtarış aparılması üçün əsaslar CPM-in 243-cü maddəsində öz əksini tapmışdır. Cinayət prosesində axtarış istintaq hərəkətinin aparılmasının başlıca məqsədini cinayətin törədildiyi alət və vasitələrin, sənədlərin, meyitlərin habelə şəxslərin, heyvan cəsədlərinin və s. aşkarlanması təşkil edir. Bunun üçün müstəntiqin əsaslandırılmış vəsatəti və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin çıxardığı qərar əsasında müəyyən olunmuş yerlərdə axtarış və ya götürmə əməliyyatı keçirilə bilər. Cinayət təqibi zamanı tətbiq edilən istənilən istintaq hərəkətinin prosessual əsası olmalıdır. Bu əsasları cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalar təşkil edir. Yuxarıda qeyd etmişik ki, axtarış aparılması üçün cinayət təqibini həyata keçirən orqan tərəfindən əsaslar müəyyən edildikdə məhkəmənin qərarı ilə həyata keçirilir. CPM-in 243.3-cü maddəsinə görə təxirə salına bilməyən hallarda müstəntiq məhkəmənin qərarı olmadan axtarış və ya götürmə hərəkətini apara bilər. Təxirə salına bilməyən hallar dedikdə yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi başa düşülür. Təxirə salına bilməyən hallar müstəntiqin yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumatları olduqda həyata keçirilir:
o Şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və sənədlərin yaşayış yerində gizlədilməsini;
o Şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrumetmə yerindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini;
o Yaşayış yerində insan meyitinin olmasını;
o Yaşayış yerində insan həyat və ya səhhəti üçün real təhlükə olduğunu.
Axtarış və götürmə müstəntiq tərəfindən şəxsən həyata keçirilir. İstənilən halda axtarış və götürmə hərəkətləri CPM-in 177.2-177.6-cı maddələrinə uyğun aparılmalıdır.
Qanunvericiliyə görə iş üçün əhəmiyyəti olan predmetlərin aşkar edilməsi və götürülməsi üçün həyata keçirilən istintaq hərəkəti axtarış və götürmə taktikası adlanır. Axtarış və ya götürmə haqqında qərarda aşığıdakılar göstərilir: qərarın çıxarıldığı tarix, vaxt və yer, qərarı çıxaran şəxsin inhisarları, axtarış və götürmənin aparılması üçün əsas olmuş obyektiv hallar və motivlər, bu istintaq hərəkətlərinin aparılacağı şəxsin və ya yerin adı soyadı və ya konkret yerin ünvanı, həmçinin götürülmə haqqında qərar qəbul edildikdə, götürüləcək əşya və sənədlər dəqiqliklə yazılmalıdır. Axtarılan predmetlərin növlərindən asılı olaraq axtarışın vəzifələri də dəyişir. Axtarışın, maddi sübutların və müttəhimin axtarılması, aşkara çıxarılmış şəxslər barəsində zəruri məlumatların toplanması, ziyanın ödənilməsinin təmin edə biləcək əmlakın aşkar olunması, predmetlərin gizlədildiyi yerlərin aşkar edilməsi və s. kimi vəzifələri vardır.
İstintaq orqanının əldə etdiyi sübutlar və digər əməliyyat axtarış fəaliyyətinin materialları hansısa yaşayış, xidmət, istehsalat binasında yaxud hər hansı bir şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik olan əşyaların olmasını güman etməyə kifayət qədər əsas verərsə müstəntiq istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldıra bilər. Bəzən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya oranın sahibinin dəvəti, yaxud onun icazəsi olarsa müstəntiq həmin yerlərdə baxış, axtarış, götürmə və digər istintaq hərəkətləri apara bilər. (maddə 177.6).
Bəhs olunan istintaq hərəkəti yalnız başlanmış cinayət işi üzrə aparıla bilər. Cinayət işinin başlanması haqqında qərar çıxarılmasından əvvəl aparılan axtarış və ya götürmə taktikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına ziddir və bu CPM-in 9.2-ci maddəsinə uyğun olaraq həmin hərəkətin həyata keçirilməsi nəticəsində əldə edilmiş materialların sübutedici qüvvəsinin olmamasına səbəb olur. CPM-in 9.2-ci maddəsi cinayət mühakimə icraatının əsas prinsip və şərtlərini, onlara riayət edilməsinin vacibliyini təsbit edir. Həmin prinsip və şərtlərin əsas təyinatı cinayət mühakimə icraatı zamanı əsasən insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarının qarşısının alınması məqsədi ilə yanaşı hər bir cinayət təqibinin qanuniliyinin və əsaslılığının müəyyən etməkdən ibarətdir. Bu prinsip və şərtlər əsasən özündə insan və vətəndaşların hüquq və azadlıqlarının, habelə onun qanuni mənafelərinin təminatlarını əks etdirir. İnsan hüquq və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasının əsas ali dəyərləri hesab olunur. Ona görə də dövlət fəaliyyətinin heç bir sahəsində, o cümlədən cinayət mühakimə icraatında onların qanunsuz məhdudlaşdırılmasına yol verilə bilməz. İnsan hüquq və azadlıqları yalnız Konstitusiyanın müddəalarına uyğun şəkildə cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə məhdudlaşdırıla bilər.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin
Beynəlxalq Hüquq fakultəsinin müəllimi
Cahangir Fəxrəddin oğlu Mahmudov