Avtobuslarda kart sisteminin bizə xeyri olacaqmı?

Posted by

Avtobuslarda kart sisteminin bizə xeyri olacaqmı?

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə başlanılıb. Fevral ayının sonlarına kimi 36 avtobus xəttində, 650 avtobusda kartlar tətbiq olunacaq.

 

Kartların qiymətləri isə 3 manatdır. 2 manatı sığorta depozitidir, 1 manat isə karta gediş haqqı kimi yüklənir. Hazırda 10 və 95 saylı avtobuslarda kart sistemi tətbiq olunub. Kartların tətbiqi gediş haqqına heç bir təsir göstərməyəcək. Kart sisteminə keçid əksər sürücüləri narazı saldığı halda sərnişinlərin ürəyincədir. Belə ki, avtobus kartlarından öncə metro kartlarının istifadəsinə vərdiş edən istifadəçilər avtobusların da bu sistemə keçməsinə olduqca məmnundurlar.

 

Sərnişinlər arasında apardığımız kiçik sorğu da bunu göstərir. Tələbə Aliyə Məmmədovanın fikrincə, avtobusların kart sisteminə keçidi sərnişinlərin də rahatlığına səbəb olacaq. “Artıq sürətli gedən və yarışan avtobusların qurbanı olmayacaq, 20 qəpik üçün sürücü söyüşləri eşitməyəcəyik” deyən həmsöhbətimiz bildirir ki, hər gün universitetə gedib-gəlmək onun üçün cəhənnəm əzabından betər olur.

 

“Əksər hallarda avtobusların ötüşməsi insanları olduqca qorxudur. Bunlar hamısı çox adam yığmaq, 20 qəpik iştahıdır. Sürücülər bizə insan kimi deyil, 20 qəpik kimi münasibət göstərirlər. Ona görə də qəzalar artır. Söyüşlərin də biri bir qəpikdir. Pulu verməyib avtobusu tərk edənlər, qaçanlar, yaxud gec verənlər elə söyüşlərə tuş gəlirlər ki, insan insanlığından utanır. Odur ki, kart sisteminə keçilməlidir ki, insanlar da rahat hərəkət etsinlər, sürücülər də insanlara 20 qəpik kimi baxmasınlər”.

 

Digər bir sərnişin, 61 yaşlı Elman Quliyev də bu fikirdədir ki, sürücülərin qəza törətməsinə səbəb elə avtobusların qəpiklərlə işləməsidir. Kart sisteminə keçid hər yaşdan olan insanlar üçün münasibdir, eyni zamanda sürücü fikrini də yayındırmır: “Hər dayanacaqda sürücü 20 qəpik hesabı edir, fikri pul yığmaqda olur. Onları da qınamırıq. Çörək pulu arxasınca yollara çıxırlar. Düşünürəm ki, kart sistemi onlar üçün də, bizim üçün də sərfəli olacaq. Kart sistemi yaxşıdır. Həm təmizlik, həm rahatlıq olacaq”.

 

96 saylı avtobusun daimi sərnişini Nigar Mahmudova deyir ki, kart sisteminin sərnişinlərə o qədər də xeyri olmayacaq. “Bilirsiniz ki, avtobuslar həmişə basırıq olur. Düşmək üçün növbə gözləmək, kartla keçmək zaman alacaq. Yenə əzilən sərnişinlər olacaq. Mənim üçün heç bir fərqi yoxdur”.

 

Avtobus sürücülərinin bəziləri isə kart sisteminə keçidə etiraz edirlər. Onlar kart sisteminin işləməyəcəyini güman edirlər. Sürücülərin fikrincə, avtobusların kart sistemi metroda olduğu kimi, əhali tərəfindən rahat qəbul olunmayacaq və tezliklə də sıradan çıxacaq. Avtobus sürücüsü Kamal Əliyevin sözlərinə görə, planla işləmək maaşla işləməyə nisbətən daha sərfəlidir, çünki veriləcək əmək haqqı heç də ailə dolandırıla biləcək maaşa bənzəmir:

 

“Planla işləmək belədir ki, bir ay zəif qazansan, ikinci ay planı ödəyəndə ailənə normal yemək yedizdirə bilirsən. Maaş sisteminə qalanda isə ailəmizin taleyinin necə olması sual altındadır. Kart sistemi metroda ona görə işə yarayır ki, metrostansiyaların girişində qurğular var. O qurğu açılmadıqca insan keçə bilmir. Avtobuslarda bu necə olacaq? Onsuz da basabas olan avtobusda kimə demək olar ki, başını kənara çək, kartımı vurum? Ona da yenə biz nəzarət etməliyik. Çünki kart az vurulduqca, düşünürəm ki, bizim maaşımıza da təsir edəcək və biz məcburuq qəpiyə nəzarət etdiyimiz kimi karta da nəzarət edək. Avtobuslarımız buna imkan vermir ki, kart sistemindən ədalətli istifadə olunsun”.

 

Digər sürücü Nihat Muradov da avtobusların bu sistem üçün uyğun olmadığını bildirir. Onun sözlərinə görə, kart sistemi daha çox əhalinin avtobusdan pulsuz istifadə etməsinə şərait yaradacaq: “Türkiyədə avtobusların girişində metroda olduğu kimi turniketlər var. Orada kart sisteminə hər kəs elə öyrəşib ki, artıq sıravi vətəndaş kartsız keçəndə hamı onu qınayır. Amma Azərbaycanda bu belə olmayacaq. Çünki bizdəki əhali və avtobusdaxili sıxlıq imkan verməyəcək ki, kart sistemi düzgün çalışsın. Necə ki, avtobus dayanacaqlarındakı monitorlar heç kəsin diqqətini çəkmədi və elə qaldı, avtobus kartları da mənim fikrimcə, eyni taleyi yaşayacaq”.

 

Maqsud Əhmədov isə həmkarlarından fərqli düşünür. Müsahibimiz hesab edir ki, kart sistemi onların sərnişinlərlə üz-göz olmasının qarşısını alacaq. “Elə sərnişinlər var ki, yol pulunu vermək istəmirlər. Biz də onlarla çox mübarizə aparmalı ouruq. Amma məncə, bu kart sistemi bizimlə sərnişinlər arasında olan bu problemi həll edə biləcək”.

 

Avtobuslarda ödənişlərin kart sisteminə keçməsi zamanı sürücülər də maaşla işləyəcəklər. Lakin sürücülərin məvacibini Nəqliyyat Nazirliyi deyil, avtobus xətlərini işlədən sahibkarlar müəyyən edəcəklər. Amma avtobus sürücülərinin burada, deyəsən, bəzi problemləri olacaq. Çünki gün ərzində ən azı 50 manat qazandıqlarını bildirən sürücülər ayda onlara veriləcək məvacibin az olacağından ehtiyat edirlər.

 

Qeyd edək ki, 1 milyona yaxın kart artıq sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.

 

“Nəqliyyatçı hüquqları” İctimai Birliyinin sədri Anar Əsgərovun sözlərinə görə, Azərbaycan nəqliyyat sistemi kart sisteminə keçmək üçün hələ hazır deyil. O, bunu ölkədə sürücü və sərnişin mədəniyyətinin hələ inkişaf etməməsi ilə əlaqələndirir. Həmsöhbətimiz bununla belə, hesab edir ki, avtobusların kart sisteminə keçməsi sürücülər üçün heç də ürəkaçan vəziyyət yaratmayacaq. “Kart sisteminin tətiq olunması üçün avtobusların girişində müəyyən qurğular qoyulmalıdır. Sərnişin avtobusdan düşəndə deyil, minərkən gediş haqqını ödəməlidir. Bu vəziyyət sürücülərin başını ağrıdacaq. Həm də düşünmürəm ki, sürücülərə əvvəlki qazancları qədər əməkhaqqı verilsin”.

 

Ekspert bildirir ki, kart sistemi bəzi sərnişinlər üçün də çətinlik yaradacaq. Belə ki, müəyyən bir təbəqə var ki, kart sisteminə alışmaq onlar üçün çox çətin olacaq. Kartların alınması, müəyyən məbləğin karta yüklənməsi, kartların itirilməsi, kart itirilərsə, balansın necə geri qaytarılması və s. kimi məsələlər sərnişinlər üçün çətinlik yaradacaq.

 

Əsgərovun sözlərinə görə, əgər avtobuslarda kart sistemi tətbiq edilirsə, bununla yanaşı, hələ uzun müddət gediş haqqı qəpik olaraq da alınmalıdır. “Əhalinin kart sisteminə uyğunlaşması hələ uzun zaman alacaq”.