Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaq

Posted by

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaqAvropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaq

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaq

Azərbaycanlı alimlər müxtəlif müvafiq qurumlarla apardıqları müzakirələrdən sonra Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət etməyi planlaşdırırlar.

 

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bu gün “Avropa və Asiya qitələrinin sərhədləri Azərbaycandan keçir” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və Azərbaycanda aparılan araşdırmalar Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir. Bununla Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur. Bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə əsas verir.

 

R.Məmmədov deyib ki, məsələnin ölkəmizin mənafeyi cəhətdən həlli üçün bəzi tədbirlərin görülməsi məqsədəuyğundur. Bunun üçün ilk növbədə mütəxəssislərlə birgə müzakirə apararaq razılığa gəlmək və sonra təkliflə Beynəlxalq Coğrafiya Cəmiyyətinə müraciət etmək lazımdır.

 

Məsələni ilk dəfə qaldıran geologiya-minerologiya elmləri namizədi, Nazirlər Kabinetinin Neft-kimya şöbəsinin müdir müavini Rəşid Fətəliyev bildirib ki, Baş Qafqaz sıra dağlarının suayırıcı xəttini iki qitənin sərhədi kimi götürmək doğru variant sayıla bilər: “Qitələrin sərhəd məsələsi Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiqləndikdən sonra Avropa və Asiya qitələrinin sərhədi dəqiqləşmiş olacaq və bu sərhəd xətti bütün orta məktəblərin coğrafiya dərsliklərində, ensiklopedik məlumat kitabçalarında və müxtəlif təyinatlı xəritələrdə öz əksini tapacaq. İkincisi, bizim Avropaya aidliyimizi şübhə altına salmağa səy göstərənlər birdəfəlik anlayacaqlar ki, biz asiyalı olmağımızla bərabər, həm də avropalıyıq”.

 

R.Fətəliyev qeyd edib ki, artıq Baş nazir Artur Rasi-zadə də bu məsələ barədə məlumatlıdır və müvafiq işlərin görülməsi barədə tapşırıqlar verib.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev təklif edib ki, sərhədin müəyyənləşdirilməsi ilə bağlı AMEA-da multidissiplinar tədqiqatlar aparılsın, zəruri tədbirlərin həyata keçirilməsi üçün Dövlət Komitəsi və AMEA arasında müştərək komissiya yaradılsın.

 

Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Şahin Şahbazov bu məsələnin Azərbaycan üçün turizm baxımından xeyirli olacağını bildirib.

 

Konfransda qərara gəlinib ki, Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz bölgəsində Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Azərbaycandan keçməsi elmi əsaslara söykənən daha doğru variant hesab edilsin;

 

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan ərazisindən, xüsusilə Abşeron yarımadasından keçən hissəsi mütəxəssislərin iştirakı ilə dəqiqləşdirilsin və xəritəyə köçürülsün;

 

AMEA Coğrafiya İnstitutu adından Beynəlxalq Coğrafiya İttifaqına Avropa və Asiya qitələrinin sərhədinə dair həmin ittifaqın 1964-cü ildə Londonda keçirilmiş XX konfransında qəbul olunan qərarında düzəliş olunması üçün müraciət olunsun;

 

Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz və Azərbaycan ərazisindən keçən hissəsi ilə bağlı coğrafiya dərsliklərində və müxtəlif təyinatlı xəritələrdə düzəlişlər edilməsinə dair Təhsil Nazirliyinə və müvafiq təşkilatlara tövsiyələr verilsin;

 

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan ərazisindən keçməsinin əyani sübutu kimi, həm də ilk Avropa Oyunlarının 2015-ci il iyun ayında Bakıda keçiriləcəyini nəzərə alaraq, Abşeron yarımadasında, sərhəd xəttinin Bakı-Sumqayıt magistral xətti ilə kəsişmə nöqtəsində arka-qapı kompleksinin tikilməsi məqsədəuyğun sayılsın və bu barədə Azərbaycan Nazirlər Kabinetinə müraciət edilsin.

 

Trend.az