Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib

Posted by

Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilibAvropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib

Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib

Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib.

Trend-in eunews.az saytına istinadən verdiyi məlumata görə, konfrans avroparlamentari Gyorgi Şöpflinin və “Sərhədsiz insan hüquqları” beynəlxalq qurumunun təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şərtləri haqqında apardığı araşdırmanın hesabat təqdimatı olub.

Konfransın açılış nitqini “Sərhədsiz İnsan Hüquqları” təşkilatının siyasi müşaviri Mark Barvik və avroparlamentari Gyorgi Şöpflin söyləyib.

Daha sonra, “Sərhədsiz İnsan Hüquqları” təşkilatının rəhbəri Uilli Fotre (Willy Fautré) bildirib ki, milli və ya etnik azlıq anlayışının hüquqi təyinatı olmasa da, Azərbaycanda 15-dən çox milli azlığın olduğu məlumdur, ancaq etnik qruplar arasında qarışıq nikahlar sərhədlərin pozulmasına gətirib.

Fotre xüsusən vurğulayıb ki, Azərbaycanda azlıqların sosial inteqrasiyası və milli dəyərlərinin, mədəniyyətlərinin və dillərinin qorunmasına maneələr yoxdur: “Azərbaycanda 120 min rus var və onlar ilk olaraq 1800-cü illərdə Azərbaycana gəliblər. İkinci dalğa Rus-Fars müharibəsindən sonra olub, o zaman provaslav xristianlar və müsəlmanlar arasında ilk əlaqələr qurulmağa başlayıb. Üçüncü dalğa isə SSRİ-nin Azərbaycan ərazilərini zəbt etməsinin nəticəsində olub”.

O, Azərbaycanda rus mərkəzlərinin fəaliyyət göstərdiyini, bir çox orta məktəblərdə və ali təhsil ocaqlarında rus dilində təhsil almaq imkanının olduğunu deyib.

Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu bildirən Fotre daha sonra ləzgilər haqqında danışıb.

Rusiya-Azərbaycan sərhədi ətrafında yaşayan ləzgilərə gəldikdə, Uilli Fotre qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ləzgilər daha çox hüquqa malik olublar.

Həmçinin Azərbaycanda üç fərqli yəhudi qrupunun yaşadığı bildirilib. 6 sinaqoqun fəaliyyət göstərdiyi və yəhudilərin müsəlman icması və dövlət qurumları ilə münasibətinin yaxşı olduğu qeyd edilib.

 

Trend.az