ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası başa çatmışdır Sessiyada Bakı Bəyannaməsi qəbul edilmişdir

Posted by

 

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası başa çatmışdır Sessiyada Bakı Bəyannaməsi qəbul edilmişdir

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası başa çatmışdır

Sessiyada Bakı Bəyannaməsi qəbul edilmişdir

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası başa çatmışdır Sessiyada Bakı Bəyannaməsi qəbul edilmişdir

ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası üçüncü plenar iclasdan sonra başa çatmışdır.

Plenar iclasda Bakı Bəyannaməsi qəbul edilmişdir.

AzərTAc xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç iclasın gündəliyi haqqında məlumat vermişdir.

ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hidi Fray adından xanım Valburgin Habsburq Duqlas məruzə ilə çıxış etmişdir. Gender bərabərliyinin qorunması istiqamətində Avropa ölkələrinin hökumət strukturlarında durğunluğun müşahidə olunduğunu bildirən V.Duqlas qeyd etmişdir ki, Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun açıqlamasına əsasən işə götürülən insanların müəyyən qisminin qadın olması gələcəkdə bu sahədə irəliləyişlərin əldə ediləcəyini deməyə əsas verir.

V.Duqlas gələcəkdə regionda qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində işlərin görülməsinin zəruriliyini vurğulayaraq demişdir ki, ATƏT məkanında problemlərin həlli üçün birgə çalışmalı və güclü siyasi iradə nümayiş etdirməliyik.

ATƏT-i qadınların cəmiyyət həyatında daha yaxından iştirakı yollarını axtarmağa çağıran italiyalı deputat xanım Marieta Tidei cəmiyyətdə hər zaman qadınların iştirakının vacibliyini diqqətə çatdırmış və bu istiqamətdə tədqiqatların aparılmasını təklif etmişdir.

Bakı sessiyasının çox uğurlu keçdiyini, şəhərimizə yenidən dönmək istədiyini söyləyən gürcüstanlı deputat George Tsereteli Cənubi Qafqaz regionunun münaqişələrdən əziyyət çəkdiyini xüsusi vurğulamışdır. Komitə iclaslarında mühüm qətnamələrin müzakirə və qəbul olunduğunu bildirən deputat George Tsereteli Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın münaqişələrdə kifayət qədər qurbanlar verdiyini diqqətə çatdıraraq demişdir ki, regionda Helsinki Yekun Aktı prinsiplərinin pozulmasının qarşısı alınmalı, bu problemlərin həlli zamanı nəticələr obyektiv qiymətləndirilməlidir.

ATƏT-in Avropada təhlükəsizliyin və əməkdaşlığın keşiyində durduğunu söyləyən İspaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Santiyaqo Lopez vurğulamışdır ki, qurum üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün səylərini artırmalıdır.

Sessiyanı yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana minnətdarlığını bildirən isveçli deputat Asa Lindestam korrupsiya, narkotiklərin daşınması, uşaq və qadın alveri ilə mübarizədə birgə fəaliyyətin zəruriliyini vurğulamışdır.

Milli Məclisin deputatı Azay Quliyev Bakı Bəyannaməsində indiyədək komitə iclaslarında qəbul olunan qətnamələrin bütövlükdə bir toplu şəklində müzakirəyə çıxarılıb təsdiq ediləcəyini söyləmişdir. O, Bakı Bəyannaməsinin qəbulu münasibətilə Assambleyanı təbrik etmiş, bunun tarixi bir sənəd olacağına, burada əksini tapmış müddəaların icrasına əminliyini diqqətə çatdırmışdır. Azay Quliyev demişdir ki, qərarların icrasında üzləşdiyimiz əsas çətinliklərdən biri onların yerinə yetirilməməsidir. Ümumiyyətlə, bu məsələ hamını narahat edir. Amma biz konkret nəticələri görə bilmirik. Bütün bu problemlərin həlli üçün hansı təklifləri qəbul etməliyik, hansı mexanizmləri qurmalıyıq – hələ də bununla bağlı vəziyyət qaneedici deyildir. Adətən biz dialoqdan, əməkdaşlıqdan danışırıq. Təəssüflər ki, bir sıra məqamlarda dialoqu da yüksək səviyyədə təşkil edə bilmirik. Biz burada vətəndaş cəmiyyəti ilə bağlı müxtəlif görüşlər keçirdik. Hesab edirəm ki, bu, çox yaxşı bir təcrübə oldu. Azərbaycan hökuməti bundan sonra da vətəndaş cəmiyyəti institutları ilə açıq dialoqu davam etdirəcəkdir. Əminik ki, ATƏT Parlament Assambleyası da bu işə öz töhfəsini verəcəkdir.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında dövlətimizin başçısı İlham Əliyevin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlı prioritetlərini açıqladığını qeyd etmişdir. Azərbaycanın Avropa Şurasında fəaliyyətinin prioritetlərinə təhsil və gənclər, insan haqlarının qorunması, korrupsiya və ikili standartlara qarşı mübarizənin daxil olduğunu diqqətə çatdıran Bahar Muradova bu məsələlərin ATƏT-in də daimi gündəliyində olduğunu bildirmişdir. B.Muradova vurğulamışdır ki, Avropa Şurasındakı fəaliyyət istiqamətlərimiz buradakı fəaliyyətimizin də təzahürüdür. Korrupsiyaya qarşı mübarizədə Azərbaycan çox ciddi nailiyyətlər əldə etmişdir. Elə bizim bu sessiya ilə paralel olaraq Bakıda “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir. Bu, ölkəmizin nailiyyətidir, məqsədidir, keçmiş sistemlərdən qalan mənfiliklərə qarşı mübarizə istiqamətimizdir. Bu mübarizə həyatımızın bütün sahələrində aparılır. Bir məsələni də qeyd etmək istəyirəm ki, siyasiləşdirilmiş həbsdən danışan həmkarlarımız bizim də əleyhinə olduğumuz siyasiləşdirilmiş həbsləri yox, həbslərin siyasiləşdirilməsi məsələsini qaldırsınlar və biz də onlara izahat etmək məcburiyyətində qalaq.

Konkret olaraq viza məsələsi ilə bağlı burada səslənən fikirlə qətiyyən razı deyiləm. Viza məsələsi ilə bağlı tətbiq edilən qadağa konkret fərdlərə aiddir. Bu qadağa Azərbaycanın suveren hüquqlarını, sərhəd qanunlarını pozub Dağlıq Qarabağa səfər edən fərdlərə şamil edilib. Məgər başqa ölkələrdə bu cür hallar olmurmu? Axı biz bunun dəfələrlə şahidi olmuşuq. İndi nə baş verir? Suveren hüquqlarını qoruyan Azərbaycana qarşı bu ədalətsiz ifadələri biz ikili standartlardan yanaşma hesab edirik. Mən həmkarlarımdan xahiş edirəm ki, fikirlərini bildirərkən haqqın, ədalətin tərəfində olsunlar, təhrikçiliyə yol verməsinlər.

Burada Azərbaycanın ünvanına səslənən xoşməramlı fikirlərə görə həmkarlarıma təşəkkür edirəm. Xüsusilə Asa Lindestamın sözlərini vurğulamaq istəyirəm ki, o, ölkələr, xalqlar və qurumlar arasında divarlar və cəbhələr yox, körpülər qurmağı təklif etdi. Gəlin biz də bu körpülərin qurulmasına davam edək. Azərbaycan dialoq üçün çox gözəl bir məkandır və bununla bağlı hər cür şərait yaradılıb. Bu şəraitdən istifadə edərək çox gözəl bir tədbir keçirmişik”.

Azərbaycanın sessiyanı yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirən türkiyəli deputat Sevki Kulkuoğlu müzakirə olunan məsələlərin obyektiv qiymətləndirilərək ATƏT PA-nın gələcək fəaliyyətinə töhfə verəcəyini vurğulamışdır.

Daha sonra komitə iclaslarında müzakirə olunmuş qətnamə layihələri əsasında Bakı Bəyannaməsi qəbul edilmişdir.

Sonra ATƏT PA-nın prezidenti postuna namizədlərin səsverməsi keçirilmişdir. Finlandiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva qurumun prezidenti seçilmişdir.

İlkka Kanerva çıxışında ona göstərilən etimada görə təşəkkür etmiş, Azərbaycanın ev sahibliyi etdiyi bu sessiyanın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışdır. Gələcək illərdə Parlament Assambleyasının “Helsinki +40” prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirən İ.Kanerva demişdir ki, bu istiqamətdə dialoqlara, şəffaflığa daha çox ehtiyac vardır.

Tədbirə yekun vuran Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir ki, Azərbaycanda gördükləriniz, eşitdikləriniz, duyduqlarınız sizin xatirənizdə hələ uzun müddət qalacaqdır. Bəziləriniz ölkəmizi özünüz üçün yeni bir mədəniyyət, tanışlıq və ünsiyyət məkanı kimi yaddaşınızda saxlayacaqsınız. Bəziləriniz tanış bir mədəniyyətlə üzləşdiyiniz barədə düşünəcəksiniz. Bəziləriniz bizim hamımızı birləşdirən dəyərlərin bu torpaqda bərqərar olduğu qənaətinə gələcəksiniz və mən də bu qənaətdəyəm. Bizi hüquqi cəhətdən ATƏT-in əsaslandığı Helsinki Yekun Aktının prinsipləri, mənəvi cəhətdən insanlıq dəyərləri, tarixi keçmişimiz və bu günümüz cəhətdən bəşəri mədəniyyət birləşdirir. Bizi ədalət prinsipləri, haqsızlığa, insan ləyaqətinin alçaldılmasına, insan haqlarının pozulmasına qarşı çağırışlar birləşdirir.

Çox şadam ki, Azərbaycan bu gün belə bir tədbirə ev sahibliyi etmək şansından yararlana bildi. İnanıram ki, hər biriniz bu tədbirin təşkilatçılığından, onun məzmunundan, keçirdiyiniz müzakirələrin xarakterindən, məqsədindən, qəbul etdiyiniz qərarlardan razı qalmısınız.

Burada bir fikir səsləndi – Azərbaycan odlar yurdudur. Bəli, Azərbaycan odlar yurdudur, lakin, eyni zamanda, tolerantlıq məkanıdır, eyni zamanda, millətlərin və dinlərin dostluq və qardaşlıq şəraitində dinc yanaşı yaşadığı bir məkandır. Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan əməkdaşlıq və dostluq üçün çox gözəl bir məkandır. Bir neçə gün ərzində apardığımız müzakirələr, əldə etdiyimiz nəticələr və qəbul etdiyimiz Bakı Bəyannaməsi bunun çox gözəl sübutudur. Şadam ki, sessiyamızda hamımızı narahat edən məsələlərlə bağlı çox gözəl müzakirələr aparıldı. Bakı qrupu yaradılıb. Arzu edirəm ki, Bakı qrupu Minsk qrupunun taleyini yaşamasın. Eyni zamanda, bizim Helsinki Yekun Aktı prinsiplərini burada müzakirə etməyimiz, çox ciddi olaraq bu prinsiplərin bütün ATƏT regionuna və bütün münaqişələrə tətbiq olunmasının vacibliyini vurğulamağımız Azərbaycanda ümid yaradır ki, gələcəkdə bütün münaqişələrə eyni mövqedən yanaşmağa imkan verən və onların həlli mexanizmlərini yarada bilən sənədlər qəbul ediləcəkdir.

Bununla da ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyası öz işini başa çatdırmışdır.

 

AzərTac.az