Atırau Dövlət Universitetində “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin açılışı olub

Posted by

Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi"nin açılışı olubAtırau Dövlət Universitetində “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin açılışı olub

Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi"nin açılışı olub

 

Qazaxıstan Respublikasının Atırau şəhərində ölkənin qərb regionunun ən iri təhsil müəssisələrindən biri olan X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin açılışı olub.

 

Azərbaycanın Qazaxıstandakı Baş Konsulluğundan Trend-ə bildiriblər ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun və Atırau vilayətində fəaliyyət göstərən diaspor təşkilatlarımızın dəstəyi ilə fəaliyyətə başlamış X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti nəzdindəki “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin məqsədi ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsidir.

 

Mərkəz Qazaxıstanın qərb vilayətlərində yerləşən ali təhsil müəssisələrinin tələbə və aspirantlarının, elecə də, qafqaz, Xəzəryanı ölkələr, konfliktologiya, türkologiya və Azərbaycanla bağlı araşdırmlar aparan şəxslər üçün ölkəmiz barədə dolğun və düzgün məlumatların əldə edilməsində mühüm institut olacaq. Maraqlı şəxslər Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, musiqisi, iqtisadiyyatı və turizm potensialı barədə müfəssəl məlumatlar əldə edə biləcəklər.

 

Baş konsulluqla Atırau Dövlət Universiteti arasında əldə olunmuş razılığa əsasən bir müddət sonra “Mərkəz”in mətbu orqanı da təsis ediləcəkdir, burada Azərbaycan və Qazaxıstanın gənc alimləri və tələbələri öz elmi məqalələri ilə çıxış edəcəklər.

 

X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti nəzdindəki “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi” ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən analoji mərkəzlərlə əlaqələr quracaqdır.

 

Mərkəz biri Universitet, biri isə Azərbaycan tərəfindən təyin ediləcək həmsədrlər tərəfindən idrə ediləcəkdir.

 

Açılış mərasimində “Mərkəz”in fəaliyyətə başlaması ilə bağlı Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov, Universitetin rektoru Beybut Mamrayev və Atırau şəhər akiminin (merinin) müavini xanım Gülmira Şakirova tərəfindən rəmzi qırmızı lent kəsilmişdir.

 

Qazaxıstan Respublikasının “neft paytaxtı” hesab edilən Atırau şəhərinin ziyalıları, Atırau vilayət və şəhər rəhbərliyinin nümayəndələri, bir sıra ali təhsil müəssisəllərinin tələbə və müəllim heyətinin, yerli və regional kiv nümayəndələri, habelə şəhərdə yaşayan icma üzvlərimizin iştirakı ilə keçirilən tədbir zamanı Azərbaycan Respublikasının son dövr tarix və iqtisadiyyatını əks etdirən qısa video film nümayiş etdirilmiş, ölkəmizin atributları, tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, ədəbiyyatı, incəsənəti və digər sahələr barədə “Mərkəz”də yerləşdirilmiş stendlərin təqdimatları olmuş, “Mərkəz” daxilində yaradılmış kitabxananın materiallarının sərgisi keçirilmiş, ölkəmizlə bağlı elektron məlumatlar və videoteka haqqında məlumatlar təqdim edilmişdir.

 

Mərasimdə ölkəmizin müxtəlif şirkətlərinin Qazaxıstanın qərb regionlarında həyata keçirdiyi layihələr, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin regionda fəaliyyət göstərən şirkətlərə dəstəyi haqqında danışılmış, Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AzPromo) müxtəlif broşür, buklet və digər təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

 

Tədbir zamanı Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulu R.Məmmədov, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetin rektoru B.Mamrayev, Atırau şəhər akiminin (merinin) müavini xanım G.Şakirova və Atırau vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Novruz” milli-mədəni mərkəzi rəhbəri E.Əhmədov Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında mədəni və iqtisadi əlaqələr, regional əməkdaşlıq, qardaş xalqların tarixi, regionda yaşayan azərbaycanlılar və sairə barədə çıxışlar etmişlər.

 

Bununla yanaşı, tədbirdə, artıq üç ildir Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən təsis edilmiş və Qazaxıstan bir sıra ali təhsil müəssisələrində əla qiymətlərlə oxuyan tələbələrə təqdim edilən Heydər Əliyev adına təqaüdün X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində almış universitetin dünya dilləri fakültəsinin 3-cü kurs tələbəsi Nesibbayeva Janna çıxış edərək qeyd edilən “Mərkəz”in tələbələr arasında Azərbaycana olan marağının daha da artmasına səbəb olacağını xüsusi vurğulamışdır.

 

Açılış mərasimində çıxış edən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetin rektoru B.Mamrayev Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rolu olan Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulu R.Məmmədova Universitetin fəxri fərmanını təqdim etmiş, fəaliyyətə başlamış “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”nin önəmindən danışmışdır.

 

Trend.az