AŞPA-nın Azərbaycan üzrə məruzəçisinə ölkəmizdə məhkəmə-hüquq islahatları barədə məlumat verilib

Posted by

Fevralın 9-da ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteks ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinin, insan hüquqlarının təmin olunması üzrə görülən işlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib. Habelə Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Ölkəmizdə gedən demokratik proseslər, o cümlədən məhkəmə-hüquq sistemindəki islahatlar A.Desteks tərəfindən maraqla qarşılanıb.

Söhbət zamanı qanunvericiliyin təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası, məhkumların saxlanma şəraiti, beynəlxalq təşkilatların Azərbaycan ilə bağlı hesabatları ətrafında faydalı fikir mübadiləsi aparılıb, açıq hökumətin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edib.

Sonda qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.

AZƏRTAC