Ankarada Dağlıq Qarabağ münaqişəsinə dair elmi konfrans keçirilib

Posted by

Ankarada Dağlıq Qarabağ münaqişəsinə dair elmi konfrans keçirilibAnkarada Dağlıq Qarabağ münaqişəsinə dair elmi konfrans keçirilib

Ankarada Dağlıq Qarabağ münaqişəsinə dair elmi konfrans keçirilib

21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) təşkilatçılığı ilə Ankarada “Ermənistan- Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi: Regional Sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda elmi konfrans keçirilmişdir.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, konfransın açılış sessiyasında Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və ABŞ-a məxsus Jamestown Fondunun rəhbəri Glen Hovard çıxış etmişdirlər. Çıxışlar əsnasında, 12 noyabr tarixində Ermənistan hərbi hava qüvvələrinə məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər nəticəsində zərərsizləşdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin hərbi aspektinin bir dəfə daha ön plana çıxardığı, Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi şəkildə atəşkəs rejiminin pozulmasının münaqişənin sülh yolunda həllinə manəçilik törətdiyi, Ermənistanın işğalçı mövqeyinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində əngəl olduğu və Azərbaycanın regionda iqtisadi,siyasi,hərbi sahələrdə əhəmiyyətli rolunun Cənub Qaz korridoru və TANAP kimi iri miqyaslı enerji layihələri vasitəsilə bir dəfə daha sübut olduğuna dair məqamlara toxunulmuşdur.

 

Daha sonra Azərbaycan və Türkiyədən olan elm adamlarının məruzələri ilə davam edən konfransda, millət vəkili və tarixçi Musa Qasımlı “1828-ci ildən günümüzədək Qarabağ ərazisində demoqrafik proseslər”, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri (QAFQAZSAM) Araz Aslanlı “1828-ci ildən sonra Qarabağ ərazisində inzibati dəyişikliklər”, Türkiyənin Atılım Universitetinin dosenti Hasan Ali Karasar “Qarabağ klanının Ermənistan daxili siyasətindəki rolu”, Türkiyə Respublikası baş nazirlik yanında dövlət arxivlərinin keçmiş müdiri, TOBB Universitetinin professoru Yusuf Sarınay “Osmanlı arxivlərində Qarabağ”, Ankara Universitetinin müəllimi Cavid Abdullazadə “Beynəlxalq hüquqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi”, Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) director müavini Kamer Kasım “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qlobal güclərin yanaşması” və Avrasiya İncələmələr Mərkəzinin (AVİM) mütəxəssizi Aslan Yavuz Şir “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi” mövzularında çıxış etmişdirlər.

 

Konfrans zamanı Səfirliyin əməkdaşları, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, çox sayda elm adamları, tədqiqatçılar və Ankaradakı diplomatik korpusun təmsilçiləri iştirak etmişdirlər.

 

Trend.az