AHİK sədri: İstehsalatda bədbəxt hadisələr tipik təşkilati səbəblər fonunda baş verir

Posted by

AHİK sədri: İstehsalatda bədbəxt hadisələr tipik təşkilati səbəblər fonunda baş verir AHİK sədri: İstehsalatda bədbəxt hadisələr tipik təşkilati səbəblər fonunda baş verir

AHİK sədri: İstehsalatda bədbəxt hadisələr tipik təşkilati səbəblər fonunda baş verir

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib.

 

Trend-in məlumatına görə, Məclisdə təşkilati məsələlərə baxılıb, “Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzə dinlənilib.

 

Həmçinin AHİK Məclisinin tərkibinə dəyişiklik edilib, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK üzvlüyünə qəbul olunub. Bundan əlavə, AHİK İcrayə Komitəsinin və Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.

 

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, son illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işə götürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb.

 

S.Mehbalıyev bildirib ki, AHİK-in IV qurultayında layiqli əməyin konseptual əsasları bəyənilib ki, onun da əsas elementlərindən bəziləri əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlıdır.

 

Onun sözlərinə görə, “Sənaye ili” elan olunan 2014-cü il Azərbaycanın sənayeləşdirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: “Ölkə Prezidentinin sərəncamına əsasən, sənayenin inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan-2020: Gələcəyə baxış” uzunmüddətli inkişaf konsepsiyasının istiqamətləri əsas götürülüb”.

 

S.Mehbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalatda xəsarətlərin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb: “Bununla yanaşı, araşdırmalar göstərir ki, respublikada istehsalat zədələnmələrinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasının, onların ağır və zərərli iş yerlərindən kənarlaşdırılmasının vəziyyəti o qədər də ürəkaçan deyil. 2006, 2011, 2013-cü illərdə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnmələrinin artmasına yol verilib. 2006-2011-ci illərdə isə ümumilikdə respublika üzrə artım müşahidə olunub”.

 

AHİK sədri qeyd edib ki, son illər istehsalatda xəsarətlərlə bağlı vəziyyətin araşdırılması göstərir ki, qəzalar, bədbəxt hadisələr və zədələnmələr tipik təşkilati səbəblər fonunda baş verir: “İşin düzgün təşkil olunmaması, işəgötürənlərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına yanaşması belə səbəblərdəndir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların təhlükəli və zərərli iş yerlərindən kənarlaşdırılması problemi də kəskin şəkildə qalmaqda davam edir”.

 

AHİK sədri vurğulayıb ki, respublikamızda özəl biznes, xüsusilə də inşaat biznesi ilbəil artmaqdadır: “Dövlət Statistika Komitəsinin araşdırmaları göstərir ki, özəl və kiçik biznes müəssisələrində əmək mühafizəsinə vəsait ayrılmır. Məhz bu sahələrdə daha çox bədbəxt hadisələr və istehsalat qəzaları baş verir”.

 

S.Mehbalıyev əlavə edib ki, bütün göstərilən nöqsanların aradan qaldırılması, bir sıra problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

 

Daha sonra Məclis müzakirələrlə davam etdirilib.

 

Müzakirələrdən sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev həmkarlar ittifaqları təşkilatlarının ölkəmizin ictimai həyatında, sosial-iqtisadi sistemində, əməyin təşkili prosesində çox mühüm yer tutduğunu qeyd edib.

 

O bildirib ki, burada həmkarlar təşkilatlarının missiyasını uğurla yerinə yetirməsi üçün bu təşkilatların üzərinə düşən vəzifələrin daha aydın dərk olunması vacib məsələdir: “Bu da əlbəttə ki, yerlərdə bu funksiyanı yerinə yetirən həmkarlar təşkilatları rəhbərlərinin bu məsələni daha aydın dərk etməsindən, mütəmadi olaraq öz biliklərini artırmasından, özlərinin hörmət və nüfuzunun həmin sistemdə qorunması və bütövlükdə bu missiyanın yerinə yetirilməsi üçün qurduqları fəaliyyətdən asılıdır”.

 

Ə.Mehdiyev qeyd edib ki, əməyin təşkili, sağlamlığın qorunması, bu sahədə təhlükəsizliyin təmin olunması bütövlükdə mürəkkəb məsələdir və bu, əlbəttə ki, müəssisənin, təşkilatın rəhbərliyindən, orada çalışan rəhbər vəzifəli şəxslərin fəaliyyətindən çox asılıdır: “Amma bu sahədə həmkarlar təşkilatları funksionerlərinin üzərinə də mühüm vəzifələr düşür”.

 

Digər çıxışçılar da bu sahədə olan problemlərdən və onun həlli yollarından danışıblar.

 

Trend.az