ABŞ “xəlifə” Bağdadinin psixoloji portretini hazırlayır

Posted by

ABŞ "xəlifə" Bağdadinin psixoloji portretini hazırlayırABŞ “xəlifə” Bağdadinin psixoloji portretini hazırlayır

ABŞ "xəlifə" Bağdadinin psixoloji portretini hazırlayır

Dünən Livanın “Əl-Səfir” qəzeti Suriya və İraq ərazisindəki “İslam Dövləti” terror qruplaşmasının lideri “xəlifə” Əbu Bəkir əl-Bağdadinin həyat yoldaşı Socad Əl-Duleymi və 8 yaşlı qızının saxta pasportla Livan ərazisinə keçərkən həbs edildiyi barədə məlumat yaydı.

 

Qəzetin yazdığına görə, həbs edilən Socad hazırda Livan Müdafiə Nazirliyinin binasında saxlanılır.

 

Livanın LBC TV telekanalının məlumatına görə, “xəlifə” Bağdadinin əvvəllər məhkum olunmuş həyat yoldaşı Socad bu il martın 10-da Dəməşqdə radikallar tərəfindən qaçırılan 12 rahibəyə dəyişdirilən 150 qadından biridir.

 

Məhz bu səbəbdən də Livanda həbs edilən Socadın “İslam Dövləti” lideri Bağdadi üçün çox əhəmiyyətli olduğu söylənilir. Elə buna görə də bir çox siyasi ekspertlər “xəlifənin” həyat yoldaşının həbsinin “İslam Dövləti” taktikasına ciddi təsir göstərəcəyi düşüncəsindədirlər.

 

“İslam Dövləti” terror qruplaşmasının ideologiyası və fəaliyyət taktikası nəzərə alınsa, Socadın həbsinin quruma elə də ciddi təsir etməyəcəyini söyləmək olar. Dolayısı ilə, Socadın həbsindən sonra Bağdadidən “sevgidən yaranan qəhrəmanlıq” gözləmək doğru olmazdı. Lakin unutmamaq lazımdır ki, Socadın həbsi Bağdadinin psixoloji portretinin, hərəkət trayektoriyasının daha yaxından öyrənilməsi üçün əsl fürsətdir və ABŞ bu fürsəti əsla qaçırmayacaq.

 

Təbii ki, Socadı “İslam Dövləti” liderinin “qara qutusu” hesab etmək də doğru olmazdı. Məhz buna görə də, ABŞ əldə olan bütün vasitələrlə “xəlifənin” nədən xoşlandığı, nəyi sevmədiyi, kimlərlə və hansı şəkildə ünsiyyət saxlamasını, vərdişlərini xırdalıqlarına qədər öyrənməyə çalışacaq. Tam əminliklə söyləmək olar ki, ABŞ üçün bu məlumatların əldə edilməsi “xəlifənin” “ovlanması” baxımından çox mühümdür.

 

Aydındır ki, yüksək konspirasiya təcrübəsinə sahib Bağdadi Socadın həbsinin nə ilə nəticələnəcəyini yaxşı bilir. Buna görə də həbsdən sonra “İslam Dövləti” terror qruplaşmasının fəaliyyətində deyil, məhz Əbu Bəkir əl-Bağdadinin hərəkət trayektoriyasında dəyişiklik olacağı ehtimal edilir.

 

Trend.az