Türkiyənin milli müdafiə nazirinin Naxçıvana rəsmi səfərinin proqramı açıqlandı
Mayın 14-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.
Qeyd edək ki, ümumiyyətlə Türkiyə ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Hər il Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq Planı imzalanır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlının sözlərinə görə, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında isə Qars (Türkiyə Respublikası) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi keçirilib. Bu kimi tədbirlərin gələcəkdə də mütəmadi, davamlı və razılaşdırılmış planlara uyğun olaraq yerinə yetirilməsi davam etdiriləcək.
Trend.az