Zərdabda keçirilən əmək yarmarkasında 48 nəfərə vakant iş yerlərinə göndəriş verilib
Zərdabda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, tədbirdə işsiz və işaxtaran vətəndaşlara rayon ərazisində fəaliyyət göstərən 23 müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə yaxın boş (vakant) iş yeri təklif olunub.
Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub.
Tədbirdə, ümumilikdə, 48 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.
Növbəti əmək yarmarkası sentyabrın 25-də Ağdaş rayonunda keçiriləcək. Tədbirdə işsiz və işaxtaran vətəndaşlara 200-dək vakant iş yerinin təklif edilməsi, ayrı-ayrı işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması nəzərdə tutulur.
AzərTac.az