YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ölkəni tərk edir
Ombudsman YUNİSEF-in Bakı ofisininin rəhbərini qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevardı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibəti və onun xahişi ilə qəbul edib.
Bu görüşdə Mark Herevard müvəkkilə fəaliyyəti dövründə, habelə birgə əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi, təmini və təbliği sahəsində fəaliyyətin səmərəliliyini vurğulayıb, Ombudsman və əməkdaşları tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə həyata keçirdiyi monitorinqləri, müvafiq qurumlara bu araşdırmaların nəticələri üzrə göndərilmiş təkliflər, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikamızın regionlarında müsbət təcrübə kimi həyata keçirilən Uşaq hüquqlarının Pilləli tədrisi sahəsində işləri yüksək dəyərləndirib.
Elmira Süleymanova da qonağa dərin təşəkkürünü bildirib, YUNİSEF-lə, həmçinin YUNİSEF-in Bakı ofisi ilə sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, Mark Herevarda gələcək fəaliyyətində uğurlar arzu edib.
YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevard səmimi qəbul üçün Ombudsmana minnətdarlığının bildirib, gələcəkdə də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu deyib.
Tədbirin sonunda Ombudsman qonağa xatirə medalı, suvernirlər və təsisatda hazırlanmış İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin bir nüsxəsini təqdim edib.
Trend.az